Zəfərin yolu
Ermənistan tərəfinin guya Azərbaycan Ordusunun Hadruta daxil olmaq məqsədilə bu istiqamətdə xeyli sayda qüvvə cəmləşdirməsi və gərgin döyüşlərin getməsi barədə yaydığı məlumat açıq-aydın dezinformasiyadır. Xatırladırıq ki, Hadrut artıq bir neçə gün bundan əvvəl Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub.
Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir və heç bir aktiv döyüş fəaliyyəti həyata keçirmir.
Azərbaycan Ordusunun döyüş əməliyyatlarında iştirak edən şəxsi heyətinin təminat və təchizat məsələləri diqqət mərkəzində saxlanılır və dərhal həll olunması ilə bağlı tədbirlər görülür.
Qoşunların hərbi texnika, silah-sursat, yanacaq-sürtgü materialları, ərzaq və əmlakla təmin edilməsi müvafiq idarə və xidmətlər tərəfindən sutka ərzində fasiləsiz həyata keçirilir. Bu məqsədlə döyüşlər gedən ərazilərə yaxın yerlərdə səyyar təminat və məişət xidməti məntəqələri yaradılıb.
Azərbaycan Ordusuna maliyyə dəstəyinin göstərilməsi ilə bağlı xaricdə yaşayan həmvətənlərimiz tərəfindən Müdafiə Nazirliyinə daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq Silahlı Qüvvələrə Yardım Fondunun Azərbaycan Beynəlxalq Bankında mövcud bank hesablarına Türkiyə lirəsi və Böyük Britaniya funt sterlinqi hesabları da əlavə olunub.