27
Oktyabr

27 Oktyabr

Milli Məclis

Milli Məclisin növbəti plenar iclası keçirilib

Oktyabrın 27-də Milli Məclisin növbəti plenar iclası keçirilib. İclası Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli aparıb. Birinci vitse-spiker bildirib ki, dünən Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan xalqına növbəti müraciət edib. Bu müraciət xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. Müraciətdə cənab Prezident, eyni zamanda, Dağlıq Qarabağın böyük yaşayış massivlərindən biri olan Qubadlı şəhərinin işğaldan azad olunmasını bəyan edib. Əli Hüseynli bu münasibətlə Milli Məclis adından xalqımızı bir daha təbrik edib.

Parlament Sədrinin birinci müavini bildirib ki, bu dövr ərzində deputatlar həm mediada, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlarda baş verən hadisələrlə bağlı həqiqətləri və dövlətimizin mövqeyini aydın şəkildə geniş ictimaiyyətə çatdırıblar. Qeyd edib ki, komitə sədrlərinin iclasında Milli Məclisin Sədri Sahibə Qafarova millət vəkillərinin bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib, öz təşəkkürünü ifadə edib. Beləliklə, həm döyüş meydanında, həm siyasi və diplomatik səviyyədə deputatlar öz töhfələrini verirlər.

Sonra Əli Hüseynli diqqətə çatdırıb ki, gündəliyə 8 məsələ daxil edilib. 

Gündəliyə münasibət bildirildikdən sonra, deputatlar cari məsələlər barədə fikirlərini açıqlayıblar.

Komitə sədrləri Zahid Oruc, Hicran Hüseynova, deputatlar Fazil Mustafa, Soltan Məmmədov, Aqiyə Naxçıvanlı, Müşfiq Cəfərov, Kamilə Əliyeva, Fəzail Ağamalı, Kamal Cəfərov, Anar İsgəndərov, Azay Quliyev öz çıxışlarında bildiriblər ki, Azərbaycan cəmiyyətində bu gün əsas məsələ birlik modelinin inkişaf etdirilməsidir. Bunun əsas memarı isə ölkə Prezidenti cənab İlham Əliyevdir. Onun hər bir çıxışı Azərbaycan cəmiyyətinin daha mobil şəkildə müharibəyə səfərbər olmasına, torpaqların işğaldan azad edilməsinə yönəlib. Qeyd edilib ki, bu hərəkatda parlament də öz üzərinə düşən vəzifələri uğurla yerinə yetirir. Diqqətə çatdırılıb ki, bu gün xalqımız Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə öz ərazi bütövlüyü, suverenliyi, haqq-ədalət uğrunda tək başına müharibə aparır. İşğalçı Ermənistan isə beynəlxalq qurumlar və müxtəlif maraqlı dairələr tərəfindən istər maddi, istərsə də silah-sursatla dəstəklənir. Çıxışlarda ATƏT-in Minsk qrupunun heç bir nəticə verməyən fəaliyyətinə də münasibət bildirilib. Qrupun həmsədri olan Fransanın bu məsələdə mövqeyi, o cümlədən fransalı parlamentarilərin Ermənistana səfərləri təəssüflə qeyd olunub və pislənilib. Bildirilib ki, bu gün Azərbaycan, eyni zamanda, siyasi və diplomatik müstəvidə də mübarizə aparır. Ölkə Prezidentinin xalqa müraciətləri, qətiyyətli çıxışları, Azərbaycan əsgərinin ərazi bütövlüyümüzün bərpası uğrunda qəhrəmancasına mübarizəsi buna parlaq misaldır.

Sonra gündəliyə daxil olan qanun layihələrinin müzakirəsinə başlanılıb. 

Əvvəlcə, “Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib. Qeyd edilib ki, Ermənistan torpaqlarımızı işğal etməklə, xalqımıza qarşı soyqırımı törətməklə yanaşı, yerli toponimləri də dəyişdirməklə çoxsaylı cinayətlər törədib. Ermənistan tərəfindən Qərbi Azərbaycan və Dağlıq Qarabağ ərazisində 700-dən çox rayon, şəhər, qəsəbə və kəndlərin, həmçinin bir çox tarixi və mədəni abidələrin adları dəyişdirilib. Hazırda Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpa edilməsi istiqamətində əməliyyatlar davam edir. Bu əməliyyatlar nəticəsində azad edilmiş torpaqlarda yaşayış məntəqələrinin tarixi adlarının qaytarılması sahəsində zəruri işlər həyata keçirilir. Yer adlarımıza qarşı törədilən erməni saxtakarlığı aradan qaldırılır. Bu məsələ mühüm siyasi, hüquqi və mənəvi əhəmiyyət daşıyır. 

Komitə sədri diqqətə çatdırıb ki, coğrafi şəraitinə görə Qarabağ, o cümlədən Xocavənd rayonu ərazisində Çinar ağacları geniş yayılıb. Bu baxımdan Xocavənd rayonunun Vəng kəndinin adının dəyişdirilərək Çinarlı qoyulması məntiqlidir. Buna uyğun olaraq, ölkə Prezidenti tərəfindən təqdim edilən layihədə Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbəsi inzibati ərazi dairəsi tərkibindəki Vəng kəndinin Çinarlı kəndi adlandırılması təklif olunur. Bildirilib ki, məsələyə Toponimiya komissiyasında da baxılıb və müsbət dəyərləndirilib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.