01
Noyabr

1 Noyabr

Fövqəladə Hallar Nazirliyi

Ermənistan silahlı qüvvələrinin atəşləri nəticəsində meşələrdə və mülki obyektlərdə yanğınlar baş verib

Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə, habelə meşə massivlərində yanğınlar törətməkdə davam edir.

Dünən təcavüzkar Ermənistan növbəti ekoloji terror törədib. Belə ki, Ermənistanla sərhəddə, döyüş zonasından kənarda yerləşən Tovuz rayonunun ərazisinin Ermənistan silahlı qüvvələrinin ağır artilleriya qurğularından atəşlərə məruz qalması nəticəsində meşəlik ərazidə yanğın baş verib. Yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən söndürülüb. Yanğının sıx meşəliyə keçməsinin qarşısı alınıb.

Ermənistan silahlı qüvvələrinin atdığı mərmi nəticəsində Ağdam rayonunda vətəndaşa məxsus təsərrüfat obyektində də yanğın baş verib. Yanğın FHN DYMX-nin müvafiq qüvvələri tərəfindən söndürülərək alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Xəbər verildiyi kimi, 30 oktyabrda döyüş zonasından kənarda yerləşən Göygöl rayonunun ərazisinin Ermənistan silahlı qüvvələrinin ağır artilleriya qurğularından atəşlərə məruz qalması nəticəsində meşəlik ərazidə yanğın baş vermişdi. Mürəkkəb dağlıq relyefə malik ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən söndürülüb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.