08
Noyabr

8 Noyabr

Dövlət Sərhəd Xidməti

İşğaldan azad olunmuş Zəngilan rayonu ərazisindəki sərhəd zastavalarında dövlət bayrağımız dalğalanır

İşğaldan azad edilmiş Zəngilan rayonu ərazisindəki “Məmmədbəyli”, “Şərifan”, “Muğanlı”, “Tiri” və “Mincivan” sərhəd zastavaları üzərində 9 noyabr - Bayraq Günü ərəfəsində Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb və bu sərhəd zastavaları xidməti-döyüş fəaliyyətinə başlayıblar.

Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin işğaldan azad edilməsi Azərbaycan Respublikasının dövlət sərhədlərinin təhlükəsizliyinin təminatı üçün son dərəcə vacib hadisədir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına əsasən bu ərazilərdə xidməti-döyüş fəaliyyətinin təşkil edilməsi, zəruri sərhəd mühafizəsi sisteminin, düşmənin ərazidən qaçarkən bilərəkdən dağıtdığı, ziyan vurmaqla sıradan çıxartdığı binaların və mühüm infrastrukturun bərpası istiqamətində hazırda təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.