03
Noyabr

3 Noyabr

ANAMA

Düşmənin Tərtərə atdığı daha bir fosforlu mərmi zərərsizləşdirilib

Ermənistan silahlı qüvvələri azərbaycanlı dinc əhaliyə qarşı beynəlxalq konvensiyalarda qadağan olunmuş ağ fosforlu mərmilərdən istifadə edir.

Tərtər rayonunun Səhləbad kəndi ərazisinə atılmış fosforlu top mərmiləri xoşbəxtlikdən partlamayıb. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşları (ANAMA) həmin mərmilərdən ikisini noyabrın 3-də zərərsizləşdirmişdi.

Tərkibində ağ fosfor olan üçüncü top mərmisi isə bu gün zərərsizləşdirilib. ANAMA-nın əməkdaşı Mədət Məmmədov məlumat verərək bildirib ki, 122 millimetrlik üçüncü top mərmisi bu gün aşkarlanıb. Bu mərminin də tərkibində ağ fosfor maddəsi var. Mərmi yaşayış məntəqəsindən təxminən 60-70 metr kənara - bağın ərazisinə düşüb və xoşbəxtlikdən partlamayıb. Belə mərmilər havada partladıqda fosfor və digər qarışıq maddələr geniş əraziyə yayılır və insanların tənəffüs yollarını, ağciyərlərini sıradan çıxarır. Dəri üzərinə düşdükdə isə onu xüsusi maddələrlə zərərsizləşdirmək mümkündür. Əks halda sümüyə qədər yanıdırır. Bu mərmini xüsusilə mülki əhaliyə qarşı istifadə etmək beynəlxalq hüquqa əsasən qadağan olunub.

Fosforlu top mərmisi partlayış yolu ilə zərərsizləşdirilib.

Qeyd edək ki, fosforlu bombadan istifadənin qadağan edilməsi ilə bağlı müxtəlif beynəlxalq sənədlər var. İlk olaraq 1868-ci ildə Sankt-Peterburq deklarasiyası qəbul edilib. Bundan başqa, müharibə qurbanlarının qorunması haqqında 1949-cu il Cenevrə konvensiyaları və əlavə protokollar, "Adi silahların konkret növləri haqqında konvensiyaya" III protokol (1980) - həddən artıq ziyan vuran hesab edilə bilən və ya qeyri-seçim hərəkətinə malik adi silahların konkret növlərinin tətbiqinin qadağan edilməsi və ya məhdudiyyət qoyulması barədə konvensiya var. Həmin sənədlərdə qeyd olunub ki, istənilən şəraitdə mülki əhaliyə, ayrı-ayrı mülki şəxslərə və ya mülki obyektlərə yandırıcı silah tətbiq etməklə hücum qadağandır. Ermənistanın bu silahdan istifadə etməsi mülki Azərbaycan əhalisinə qarşı terror, təxribat və mümkün qədər çox qırğın törətmək məqsədi daşıyır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.