06
Oktyabr

6 Oktyabr

Yerli media

27 illik həsrətə son - cəbrayıllılar evlərinə qayıdırlar (Report)

Ermənistanın təcavüzü nəticəsində Azərbaycan əraziləri 30 ilə yaxındır işğal altında idi. Bu müddət ərzində Azərbaycanın igid oğulları bu yolda şəhid oldular və millətə torpaqlarının nə vaxtsa qaytarılacağı ümidini verdilər.

Belə ki, Azərbaycan Ordusunun iradəsi, gücü və əzmkarlığı sayəsində son on gün ərzində ölkəmizin tarixi əraziləri, ermənilər tərəfindən işğal edilmiş torpaqlar azad edilir. Bu gün Azərbaycan Ordusu tarix yazır, ölkənin ərazi bütövlüyünü təmin etmək üçün öz ərazisində antiterror əməliyyatı keçirir. 

Bu günlərdə torpaqları azad edilənlər üçün toydur, bayramdır. Oktyabrın 4-ü cəbrayıllılar üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki Azərbaycan Ordusu onların 27 illik həsrətinə son qoyub. Cəbrayıl şəhəri və rayonun kəndləri işğaldan azad edilib. Bu isə Cəbrayıl sakinlərinin öz elinə, obasına, tarixi ata-baba yurduna qovuşması deməkdir. Bu həm də torpaqlar üçün canlarından keçən şəhidlərin, Azərbaycanın igid oğullarının ruhlarının şad olması deməkdir. 

Həmin videoreportajı təqdim edirik. 

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.