05
Oktyabr

5 Oktyabr

Yerli media

“Azərbaycan” İstilik Elektrik Stansiyasının direktoru: Ermənistan ordusunun atdığı raket stansiyaya zərər vurmayıb (Azərtac)

Bildiyiniz kimi, Azərbaycan Ordusunun sarsıdıcı zərbələri qarşısında duruş gətirə bilməyərək geri çəkilən düşmən mülki şəxsləri hədəfə alır və yaşayış məntəqələrimizi atəşə tutur. Ermənistan silahlı qüvvələri oktyabrın 4-də saat 21.30 radələrində “Azərbaycan” İstilik Elektrik Stansiyasına raket atıb. Bu, düşmənin beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, mülki əhalini hədəfə almasının növbəti bariz sübutudur.

Bu sözləri “Azərbaycan” İstilik Elektrik Stansiyasının direktoru Təhmasib Hüseynov deyib.

Xoşbəxtlikdən raketin boş əraziyə düşdüyünü vurğulayan T.Hüseynov bildirib: “Raket atəşi nəticəsində stansiyamıza heç bir zərər dəyməyib. Düşmənin mülki əhalini xaincəsinə hədəfə alması sakinlərin, o cümlədən stansiyanın kollektivinin qələbə əzmini sarsıda bilməz. Xalqımız bir nəfər kimi, Ali Baş Komandanımızın ətrafında sıx birləşərək Ordumuzun əzəli torpaqlarımızı işğaldan tamamilə azad edəcəyi günü səbirsizliklə gözləyir”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.