08
Oktyabr

8 Oktyabr

Xarici media

Misir və İordaniya KİV-ləri alimlərimizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqq işi, ermənilərin son günlər mülki obyektlərimizi artilleriya atəşinə tutması, torpaqlarımızın işğaldan azad edilməsi barədə məqalələrini yerləşdiriblər.

“Aldiplomasy” nəşri akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlının “Ermənistan-Azərbaycan münaqişəsi: Tarix və müasir yanaşma” sərlövhəli məqaləsini yayıb. Müəllif ərəb oxuculara tarixi faktlar əsasında Dağlıq Qarabağın qədim Azərbaycan torpağı olması, 30 ilə yaxındır ki, Ermənistanın işğalı altında qalması, təcavüzkar ölkənin BMT Təhlükəsizlik Şurasının qətnamələri və digər beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərə məhəl qoymaması barədə ətraflı məlumat verib.

“Egyptonline” informasiya portalı Azərbaycan İlahiyyat İnstitutunun dosenti Lalə Əliquliyevanın “Qarabağ Azərbaycandır!” sərlövhəli məqaləsini yerləşdirib. Məqalədə Ermənistanın sentyabrın 27-də başlayan son hərbi təxribatı, düşmənə qarşı əks-hücuma keçən Azərbaycan Ordusunun ərazilərimizi azad etməsi, Dağlıq Qarabağın əbədi və əzəli Azərbaycan torpağı olması barədə faktlar öz əksini tapıb.

Misirin “Rayetmısr” portalı və İordaniyanın “Nayruz” informasiya agentliyi isə Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Əmir Kahayevin “Terrorçu Ermənistan” sərlövhəli məqaləsini yerləşdiriblər. Müəllif 30 ilə yaxındır ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın son hərbi təxribatları, terrorçu ermənilərin mülki obyektlərimizin artilleriya atəşinə tutması və dinc əhalini qətlə yetirməsindən bəhs edib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.