08
Oktyabr

8 Oktyabr

Xarici media

Misirin “Almasryalyoum” qəzetində və “Aldiplomasy” internet nəşrində Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair bəyanatı yerləşdirilib.

Bəyanatda Misir ictimaiyyətinə məlumat verilib ki, siyasi partiyalar Fransa prezidenti Emmanuel Makronun sentyabrın 30-u Latviyanın paytaxtı Riqada Ermənistan-Azərbaycan münaqişəsi və cəbhədə baş verənlərlə bağlı həqiqətə uyğun olmayan qeyri-ciddi açıqlamaları, onun qərəzli şəkildə işğalçı Ermənistanı müdafiə etməsini qətiyyətlə pisləyir. Qeyd olunub ki, onun Fransa kimi dövlətin prezidenti olaraq saxta məlumatlar və şayiələr əsasında, heç bir dəlil-sübut olmadan ölkəmizə böhtan atması Azərbaycan ictimaiyyətinin kəskin etirazına səbəb olub və biz qəti əminik ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi tərəfsizliyini qoruya bilmir.

Misir KİV-lərinin yerləşdirdiyi bəyanatda vurğulanıb ki, Fransa işğalçı Ermənistanı dəstəkləyir, obyektiv deyil, işğalçının yanındadır və vasitəçilik missiyasını yerinə yetirmir. Ona görə də Fransanın Minsk qrupunun həmsədrliyindən çıxarılması müzakirə edilməlidir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.