Xarici media
Ölkəmizin Özbəkistandakı səfirliyində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki son vəziyyətlə əlaqədar yerli jurnalistlər üçün mətbuat konfransı keçirilib.
Mətbuat konfransında Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Ermənistanın son təxribatları, sentyabrın 27-dən başlayaraq işğalçı ordunun Azərbaycan mövqelərinə genişmiqyaslı hücumu, buna cavab olaraq ordumuzun əks-hücumu haqqında ətraflı məlumat verib.
Səfir deyib: “Ermənistan ordusunun Azərbaycan mövqelərinə yeni təcavüzləri son aylarda törətdiyi təxribatların, iyulun 12-dən 16-dək Tovuz istiqamətindəki hücum cəhdlərinin, avqustun 23-də Goranboy istiqamətində kəşfiyyat-diversiya qrupunun göndərilməsinin, Dağlıq Qarabağda, o cümlədən qədim Şuşa şəhərində müxtəlif ölkələrdən gətirilən insanların qeyri-qanuni yerləşdirilməsi siyasətinin, həmçinin Ermənistan rəhbərliyinin təxribat xarakterli bəyanatlarının və hərəkətlərinin davamıdır”.
Hüseyn Quliyev bildirib ki, Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təcavüz zamanı beynəlxalq hüququn norma və prinsiplərini, əsasən də beynəlxalq humanitar hüququn normalarını, 1949-cu il tarixli Cenevrə Konvensiyasını və onun Əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud və məqsədyönlü şəkildə pozur, Azərbaycanın mülki əhalisinə, infrastrukturuna atəş açır, dinc əhaliyə qarşı cinayət tərədir.
BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması tələb olunur. Ermənistan hələ də nə bu qətnamələrin tələblərini, nə də digər beynəlxalq təşkilatların saysız-hesabsız qərarlarını yerinə yetirib.
Diplomat vurğulayıb ki, son günlər Ermənistan silahlı qüvvələri Gəncə və Mingəçevir şəhərlərini, həmçinin Bərdə, Beyləqan, Ağcabədi, Tərtər, Goranboy rayonlarını raket atəşinə tutub, dinc əhali arasında ölənlər və yaralananlar var. “Bu, sözün əsl mənasında, müharibə cinayətidir və Ermənistan buna görə cavab verməli olacaq. Son məlumata görə, sentyabrın 27-dən bu günədək 28 nəfər öldürülüb, 170-dən çox insan yaralanıb, 900-dən çox ev zədələnib və ya tamamilə dağıdılıb”, - deyə səfir bildirib.
Sonra jurnalistlərin sualları cavablandırılıb.