06
Oktyabr

6 Oktyabr

Xarici media

İspaniyanın qocaman nəşrlərindən biri olan “Lavanguardia” qəzetində “Müharibə Azərbaycanın cəbhə xəttindən kənarda yaşayan dinc sakinlərinə zərbə vurur” sərlövhəli məqalə dərc edilib.

məqalədə Azərbaycanın cəbhəyanı rayonlarında yaşayan, erməni silahlı qüvvələrinin atəşi altında olan sakinlərin başına gələn hadisələrdən bəhs edilir.

Məqalədə qeyd olunur ki, Dağlıq Qarabağda müharibə öz coğrafi hüdudlarından kənara çıxıb, bu müharibə Azərbaycanın yaşından və sosial statusundan asılı olmayaraq mülki əhalisinə amansız zərbələr vurub.

İspan nəşri yazır: “Cəbhəyanı Tərtər rayonunun sakini Elşad Hüseynovun sözlərinə görə, o, müharibə səslərinə yaxşı bələddir. O deyir: “Ermənilər bizə - dinc sakinlərə tanklardan və ağır artilleriyadan atəş açırdılar. Bu, susmaq bilməyən güclü top atəşi idi. Bizim şəhərə onlarca, bəlkə də yüzlərlə mərmi düşüb”.

Hərbi əməliyyatlar dövründə dinc sakinlərin həyatındakı hadisələrə dair verilən “Bərdə də erməni atəşi altında olan şəhərdir” adlı bir parçada isə Bərdə rayonunun sakinləri danışırlar ki, ermənilər münaqişə zonasından uzaqda yerləşən şəhərləri atəşə tuturlar. Bu, Azərbaycan ordusunun irəli getməsinə görə ermənilərin qisasıdır.

Məqalədə qeyd olunur ki, cəbhəyanı rayonların sakinləri müharibənin bütün çətinliklərinə dözməyə hazırdırlar, təki ədalət zəfər çalsın. “Biz başa düşdük ki, danışıqlar faydasızdır. Müharibə qaçılmazdır və ədalət bərpa edilməlidir. Müharibə özü ilə çətinliklər gətirir, lakin biz bu çətinliklərə dözməyə hazırıq. Cəbrayıl şəhəri azad edilib. Biz inanırıq ki, nəhayət, qaçqınlar öz evlərinə qayıdacaqlar”.

“Lavanguardia” nəşrinin yazdığına görə, Azərbaycan Prezidenti İlham Əliyev xəbərdarlıq edib ki, Bakı erməni silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan rayonlarından çıxarılmasının möhkəm beynəlxalq zəmanətlərlə əsaslandırılmış qrafikini alanadək hərbi əməliyyatlar davam edəcək.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.