06
Oktyabr

6 Oktyabr

Xarici media

Qətərin ingilis dilində çap olunan nüfuzlu “The Peninsula” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Rəşad İsmayılovun geniş müsahibəsi dərc olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, müsahibədə səfir Dağlıq Qarabağın tarixinə, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və hüquqi aspektlərinə geniş toxunub. Dağlıq Qarabağın əsrlərboyu, o cümlədən AXC və Azərbaycan SSR dövründə ölkəmizin tərkib hissəsi olduğunu bildirən səfir qeyd edib ki, ötən əsrin 80-ci illərinin sonlarından etibarən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları başlayıb. Sovet İttifaqı dağıldıqdan sonra Ermənistan Azərbaycana qarşı hərbi təcavüz aktı törədərək Dağlıq Qarabağı və ətraf yeddi rayonu işğal edib. Müharibə nəticəsində minlərlə insanın həyatını itirdiyini bildirən diplomat BMT Təhlükəsizlik Şurasının ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən və işğalçı qüvvələrin işğal edilmiş torpaqlardan dərhal, qeyd-şərtsiz və tamamilə çəkilməsini tələb edən qətnamələrini xatırladıb.

Hazırda davam edən hərbi toqquşmalarla bağlı suala cavab verən R.İsmayılov bildirib ki, Ermənistan sentyabrın 27-də baş vermiş hərbi təxribata əvvəldən hazırlaşırdı. O, Ermənistan müdafiə nazirinin “yeni ərazilər üçün yeni müharibə” iddiasını sitat gətirərək, Ermənistanın iyul və avqust aylarında törətdiyi təxribatlardan danışıb. Səfir bildirib ki, sentyabrın 27-də Azərbaycan Ermənistanın növbəti hərbi təxribatının qarşısını almaq, mülki şəxslərin və sıx məskunlaşdığı yerlərin təhlükəsizliyini təmin etmək məqsədilə özünümüdafiə hüququndan çıxış edərək və beynəlxalq humanitar hüququn tələblərini gözləyərək əks-hücum tədbirləri görüb. Diplomat vurğulayıb ki, Azərbaycan məhz ərazi bütövlüyünü bərpa etmək və Ermənistan tərəfindən işğal olunmuş əraziləri azad etmək üçün vuruşur. Ermənistanın mülki əhalini və mülki infrastrukturu atəşə tutmasının səbəb olduğu itki və zərər barədə məlumat verən R.İsmayılov bildirib ki, düşmən mülki əhalini məqsədyönlü şəkildə atəşə tutmaqla beynəlxalq hüququn norma və prinsiplərini, xüsusən də beynəlxalq humanitar hüququ və 1949-cu il Cenevrə Konvensiyasının tələblərini kobud surətdə pozur. Azərbaycanın öz mülki əhalisini müdafiə etmək üçün legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görmək hüququna malik olduğunu bildirən səfir son gərginliyə görə bütün məsuliyyətin Ermənistanın üzərində olduğunu deyib.

“Təxminən 30 ildir ki, Azərbaycan əraziləri işğal altındadır”, - deyən səfir Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü qeyd edib.

Döyüşlərin dayandırılması üçün beynəlxalq səylərin uğursuzluğunun səbəbləri barədə suala cavab verən səfir bildirib ki, atəşkəs təktərəfli dayandırıla bilməz. R.İsmayılov ATƏT-in Minsk qrupu və onun mandatını xatırladaraq deyib ki, sözügedən qurumun həmsədr ölkələri öz mandatlarına uyğun olaraq, Ermənistandan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirməsini tələb etməli və ona təzyiq göstərməlidirlər. Vasitəçilik səyləri yalnız o vaxt uğurlu ola bilər ki, Ermənistan beynəlxalq hüquqa riayət etsin və işğal altındakı ərazilərdən dərhal çəkilməyə başlasın. O əlavə edib ki, ötən 30 ildə Azərbaycan hər zaman münaqişənin sülh yolu ilə nizamlanmasına sadiqlik nümayiş etdirib. Lakin aşkardır ki, Ermənistan münaqişənin dinc yolla həllini istəmir. Ermənistanın yeni rəhbərliyinin törətdiyi təxribatçı əməlləri vurğulayan səfir N.Paşinyanın sərsəm “Qarabağ Ermənistandır və nöqtə” bəyanatının, işğal olunmuş ərazilərimizə onun dəfələrlə qeyri-qanuni səfər etməsinin, oğlunu işğal altındakı ərazilərə hərbi xidmətə göndərməsinin, mart ayındakı qondarma “seçkilər”i, Şuşada qondarma “andiçmə mərasimi”nin təşkil olunmasının və qondarma rejimin “paytaxtı”nın Şuşaya köçürmək niyyətinin danışıqlar prosesini pozan məqsədyönlü təxribatlar olduğunu bildirib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.