Xarici media
İspaniyanın ən qədim nəşrlərindən olan “Lavanguardia” qəzetində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun İspaniyanın EFE informasiya agentliyinə müsahibəsi “Azərbaycan Ermənistana xəbərdarlıq edir, yalnız işğala son qoyulanda sülh bərqərar sülh olacaq” başlığı altında dərc edilib.
Nazirin sözlərinə görə, Dağlıq Qarabağda möhkəm sülh yalnız o vaxt bərqərar ola bilər ki, ermənilər Azərbaycan ərazilərini işğal etməkdən əl çəksinlər. Nazir deyib: “Ermənistan bu reallığı nə qədər tez anlasa, münaqişə bir o qədər tezliklə nizamlanacaq və region xalqları əməkdaşlıq perspektivindən bəhrələnəcəklər”.
C.Bayramov qeyd edib ki, münaqişənin həlli yalnız Helsinki Yekun Aktında təsbit olunmuş beynəlxalq hüquq normaları əsasında, Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində onun suverenliyinin və ərazi bütövlüyünün tamamilə təmin edilməsi şərti ilə mümkündür.
Nazir BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması barədə 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsini xatırladıb.
Ceyhun Bayramov deyib ki, Bakı münaqişənin beynəlmilləşməsində maraqlı deyil. Başqa sözlə desək, o, üçüncü ölkələrin bu münaqişəyə müdaxiləsinin qəti əleyhinədir. Diplomat daha sonra deyib: “Bu, Ermənistanın məqsədidir, Ermənistan Türkiyənin bu münaqişədə iştirakı barədə yalan informasiya yayır. Ermənistan bu əsassız ittihamları yaymaqla üçüncü ölkələri cəlb etməyə çalışır”.
Uzun illər boyu ağır demoqrafik böhran içində olan, öz silahlı qüvvələrini təchiz edə bilməyən Ermənistandan fərqli olaraq Azərbaycanın tamdəyərli, güclü və çox peşəkar ordusu var, buna görə Azərbaycanın kənar qüvvələrin cəlb edilməsinə ehtiyacı yoxdur.
Nazir vurğulayıb ki, Azərbaycan ordusu öz suveren torpağında vuruşur və erməni tərəfin təxribatlarına qarşı müvafiq tədbirlər görür. Azərbaycan Prezidenti İlham Əliyev hərbi əməliyyatlara son qoyulması üçün şərt kimi erməni qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasının konkret qrafikinə əməl olunmasını tələb edib.