Xarici media
Artıq 9-cu gündür ki, cəbhədə vəziyyət gərgindir. Sentyabrın 27-də Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqelər erməni silahlı qüvvələri tərəfindən şiddətli artilleriya atəşinə məruz qalıb.
Bu barədə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov “noi.md”, “timpul.md” saytlarında deyib.
Səfir qeyd edib ki, artıq neçə gündür Azərbaycanın böyük şəhərlərindən biri, qoşunların təmas xəttindən uzaqda yerləşən Gəncə şəhəri erməni silahlı qüvvələri tərəfindən atəşə tutulur. Hazırda düşmən Ermənistan ərazilərindən Bərdə, Tərtər, Ağcabədi, Beyləqan, Mingəçevir şəhərlərini və Azərbaycanın digər yaşayış məntəqələrini intensiv şəkildə atəşə məruz qoyur, dinc mülki əhali hədəfə götürülüb.
“Düşmən belə hərəkətlərlə bizi təxribata çəkir ki, biz ona cavab verək. Bununla da Ermənistan münaqişəyə üçüncü tərəfi cəlb etməyə cəhd göstərir. Lakin ən qorxulusu odur ki, Ermənistan PKK terror təşkilatının Suriya cinahının Livandan və Yaxın Şərqin digər ölkələrindən olan yaraqlılarından istifadə edir. Bundan başqa, Ermənistan rəhbərliyi dünyanın hər yerində yaşayan ermənilərə muzdluların toplanmasını və münaqişə zonasına göndərilməsini təşkil etmək barədə müraciət edərək, dünyadakı bütün erməniləri bu müharibədə iştirak etməyə çağırır. Bunu xarici KİV-lər də təsdiqləyirlər.
“Beynəlxalq Fransa radiosu” bildirir ki, hazırda ermənilər tərəfdə suriyalı, livanlı terrorçular və ASALA erməni terror təşkilatının üzvləri vuruşurlar. Xankəndidə, erməni dəstələri tərəfində əcnəbi terrorçuların döyüşməsi barədə “The Heritage Foundation” Ellison Xarici Siyasət Araşdırmaları Mərkəzinin direktoru Lyuk Koffi özünün “Twitter” səhifəsində yazıb”, - deyə Q.Osmanov əlavə edib.