06
Oktyabr

6 Oktyabr

Media

Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, hərbi əməliyyatların dayandırılması üçün Ermənistan tərəfi Dağlıq Qarabağdan ordunun çıxarılması cədvəlini təqdim etməlidir.

Bu barədə Yaponiyanın “newsweekjapan.jp” saytı məlumat yayıb. Bildirilir ki, Azərbaycan televiziyasında xalqa müraciət edən Prezident İlham Əliyev hazırda Azərbaycan Silahlı Qüvvələrinin 1990-cı illərdə Ermənistan ordusu tərəfindən işğal edilmiş əraziləri azad etmək üçün uğurla irəlilədiyini deyib.

Məlumatda Azərbaycan Prezidentinin Dağlıq Qarabağın Azərbaycan torpağı olması və münaqişənin dayandırılması üçün Azərbaycan tərəfinin şərtini açıqlayan fikrindən sitat gətirilib: “Mənim şərtim birdir - çıxsın bizim torpaqlarımızdan, çıxsın, qarşıdurma dayansın. Amma sözdə yox, əməldə”.

Yazıda Azərbaycan Prezidentinin 30 ilə yaxın bir müddətdə Ermənistandan Azərbaycan torpaqlarını qaytarmasını tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilmədiyinə görə beynəlxalq ictimaiyyəti tənqid etməsi barədə fikirləri də verilib.

Qeyd olunub ki, Prezident İlham Əliyev öz çıxışında Rusiya, ABŞ və Avropa İttifaqının hərbi əməliyyatların təcili şəkildə dayandırılması barədə tələbini qəbul etmədiyini aydın şəkildə hiss etdirib.

Məqalədə Ermənistan-Azərbaycan münaqişəsinin tarixinə də toxunulub, 1990-cı illərin əvvəllərində hərbi əməliyyatların intensivləşdiyi və nəticədə 30 min nəfərin həyatını itirdiyi qeyd edilib. Bildirilib ki, Ermənistan ordusu Dağlıq Qarabağ ilə yanaşı Azərbaycanın ətraf rayonlarını da işğal edib.

Münaqişənin Azərbaycanın Avrasiyanın enerji təhlükəsizliyində mühüm rol oynayan neft və qaz kəmərləri üçün təhlükə yaratdığı da yazıda öz əksini tapıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.