06
Oktyabr

6 Oktyabr

Xarici media

Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfirliyinin inzibati binasında “Petra” Dövlət İnformasiya Agentliyinin, eləcə də “ər-Ray” və “əl-Ğad” hökumət qəzetlərinin və digər xəbər resurslarının jurnalistlərinin, “əl-Məmləkə” və “əl-Həqiqə əd-Douliyyə” televiziya kanallarının nümayəndələrinin, o cümlədən www.orobanews.com xəbər portalının baş redaktoru Sultan əl-Həttab və yazıçı-publisist Ömər əl-Armutinin iştirakı ilə mətbuat konfransı keçirilib. Tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Bu barədə Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, səfir Rasim Rzayev mətbuat konfransının keçirilməsinin məqsədini bir daha qonaqların diqqətinə çatdıraraq, hazırda Azərbaycan Silahlı Qüvvələrinin apardığı əks-hücum əməliyyatlarına gətirib çıxarmış təxribatlara toxunub, işğalçı Ermənistandan fərqli olaraq, Azərbaycan dövlətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində 30 ilə yaxındır ki, konstruktivlik və səbir nümayiş etdirdiyini xüsusi qeyd edib.

Sonra səfir münaqişənin tarixini, nəticələrini, o cümlədən işğal edilmiş ərazilərimizdə yaradılmış qondarma quruluşun nəinki beynəlxalq ictimaiyyətin, habelə işğalçı Ermənistanın özünün belə tanımadığını, əksinə, işğal edilmiş ərazilərin Azərbaycana məxsusluğunu təsbit edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin müddəalarını media mənsublarına xatırladıb, Ermənistanın işğal altında saxladığı ərazilərimizdə qorumağa çalışdığı status-kvonun ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan Rusiya, ABŞ və Fransanın dövlət başçıları tərəfindən dəfələrlə rədd edildiyini yada salıb, bunun da işğal edilmiş ərazilərin Azərbaycan Respublikasına qayıtmasının vacibliyi demək olduğuna diqqət çəkib.

Yekunda səfir bu gün Azərbaycanla təkbətək qalan Ermənistanın döyüş meydanında hərbi, iqtisadi, mənəvi və insan resursları baxımından böyük itkilər verdiyini vurğulayaraq, Azərbaycan Respublikasının hərbi əməliyyatlarının dayandırılması üçün yeganə tələbin işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması olduğunu deyib.

Ardınca səfirliyin müşaviri E.Şahhüseynov slaydlar vasitəsilə təqdimat edib. O, www.president.az saytındakı məlumatlar əsasında Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələri üzərində qısa və dolğun dayanıb, 1921-ci Bolşevik partiyasının Qafqaz Bürosunun qərarının məzmununu və orada konkret olaraq, Qarabağın, bəzi erməni tarixçilərinin iddia etdikləri kimi, Azərbaycana verilməsi deyil, məhz Azərbaycanın tərkibində saxlanılması barədə şərtin əks olunduğunu dinləyicilərin nəzərinə çatdırıb.

Davamı olaraq, 1923-cü ildə Azərbaycan SSR-nin tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradıldığını bildirən E.Şahhüseynov hazırkı əks-hücum əməliyyatlarımıza yol açan təxribatların təfərrüatlarından ətraflı bəhs edib.

Bu yöndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 27-də xalqa müraciətindən, eləcə də Rossiya-1 telekanalının “60 dəqiqə” verilişinin aparıcılarının suallarına cavabları və digər rəsmi açıqlamalardan geniş istifadə edilib.

Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də həyata keçirdikləri hərbi təxribatının, o cümlədən yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi atəşə tutmasının səbir kasamızı tükətdiyini diqqətə çatdıran E.Şahhüseynov Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü qorumaq, vətəndaşların təhlükəsizliyini təmin etmək zərurətindən çıxış edən Azərbaycan Ordusunun beynəlxalq humanitar hüquqa tam riayət etməklə, respublikamızın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində hərbi əməliyyatlara başladığını xatırladıb, Silahlı Qüvvələrimizin yalnız və yalnız işğal edilmiş ərazilərimizdə hərbi texnika, mövqe və obyektləri neytrallaşdırdığını və hərbi əməliyyatlar əsnasında bir sıra ərazilərimizin və strateji mövqelərin azad edildiyini söyləyib.

Sonra erməni işğalçı qüvvələrinin sentyabrın 27-dən oktyabrın 5-dək bombaladığı şəhərlərin (dağıntıları əks etdirən şəkillər də nümayiş etdirilib) coğrafi mövqeləri slayd şəklində xəritələr üzərində göstərilib və bu şəhərlərin işğal edilmiş Dağlıq Qarabağdan kənarda yerləşdiyinə dinləyicilərin diqqəti çəkilib. Fürsətdən istifadə edilərək, ekranda Gəncədə yaralanan erməniəsilli qadını əllərində aparan iki cavan oğlanın əks olunduğu şəklin üzərində dayanılıb, bu şəklin 30 min erməniəsilli Azərbaycan vətəndaşlarına göstərilən tolerant münasibətin digər əyani təzahürü olduğu qabardılıb.

Təqdimatın yekununda E.Şahhüseynov işğalçı Ermənistanın məhz şəhərlərimizi bombalamaqla ölkəmizi növbəti təxribata çəkməyə doğru səy göstərdiyini və üzv olduğu hərbi-siyasi təşkilatları Azərbaycana qarşı hərbi avantüraya cəlb etməyə çalışdığını qabardıb, Ermənistan və ona meyilli dünya media resurslarının təbliğatına nəzər salıb.

Bu təbliğat nəticəsində informasiya məkanında guya Türkiyənin hərbi əməliyyatlarda Azərbaycan tərəfində iştirak etdiyi və Suriyadan muzdluların silahlı qüvvələrimizin tərəfində vuruşduqları barədə məlumatların əsassız və sübutsuz olduğunu vurğulayaraq, E.Şahhüseynov bu qəbildən olan xəbərlərin “fake news” və dezinformasiya olduğunu, insanları çaşdırmaq və yanlış səmtə yönəltmək məqsədi güddüyünü söyləyib, mətbuat konfransı iştirakçılarını ehtiyatı əldən verməməyə və onları maraqlandıran istənilən məlumatların dəqiqliyini hər zaman səfirliyimizdən öyrənməyə çağırıb.

Əlavə olaraq, o, müasir texnologiyalar vasitəsilə istənilən məlumatların yoxlanılmasının mümkünlüyünə diqqətə çəkərək, bu günədək Ermənistana rəsmi açıqlamaları ilə güclü dəstək verən və guya Suriyadan döyüşçülərin bizim tərəfimizdə vuruşduğunu iddia edən Fransanın öz iddialarını sübuta yetirməkdə aciz olduğunu xüsusi qeyd edib, amma müxtəlif açıq internet resursları vasitəsilə terror təşkilatları olan ASALA və KFP silahlılarının işğalçı Ermənistan silahlı qüvvələrinin tərəfində döyüşdükləri barədə materiallara rast gəlməsinin mümkünlüyünü bildirib.

Sonra www.orobanews.com xəbər portalının baş redaktoru Sultan əl-Həttab və yazıçı-publisist Ömər əl-Armuti öz fikirlərini söyləyib və işğalçı Ermənistanı şiddətlə qınayıblar.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.