Xarici media
Azərbaycanın ikinci böyük şəhəri Gəncə və Dağlıq Qarabağ regionuna yaxın olan şəhərlər Ermənistan tərəfindən raket hücumuna məruz qalıb.
Bu barədə oktyabrın 4-də İndoneziyanın ANTARA dövlət informasiya agentliyi və nüfuzlu “Republika.co.ıd” portalı məlumat yayıb.
Bildirilir ki, Azərbaycan ərazisi olan Dağlıq Qarabağda yerləşən erməni hərbi qüvvələrinin rəhbərləri Azərbaycanın digər şəhərlərinin də onların hədəfləri olduğunu bəyan ediblər. Bu addım münaqişənin daha da böyüməsinə səbəb ola bilər və bu, böyük risk daşıyır.
Məqalələrdə Azərbaycanın Müdafiə naziri Zakir Həsənovun sözləri də sitat gətirilib: “Ermənistanın Azərbaycan ərazilərinə hücumu açıq-aşkar təxribatdır və münaqişənin ərazisinin genişlənməsinə xidmət edir”.
Dağlıq Qarabağın dırnaqarası “rəhbəri” Araik Harutunyanın Azərbaycanın digər şəhərlərinə zərbə endirməyi hədəflədiyini açıqladığına vurğu edilib, onun “Azərbaycanın digər şəhərlərində yerləşən hərbi mövqeləri bundan sonra bizim hədəfimizdir” sözləri yazılarda yer alıb.
Bundan əlavə, məqalələrdə Ermənistan rəsmilərinin bütün vasitələrlə erməni xalqını müdafiə edəcəklərinə dair fikirlərinə də yer verilib.