Xarici media
Çinin ən çox oxunan internet media holdinqlərindən sayılan “Caixin Media”nın resurslarında Azərbaycanın bu ölkədəki səfiri Əkrəm Zeynallı ilə geniş müsahibə əsasında Dağlıq Qarabağ münaqişəsinə aid məqalə yerləşdirilib.
Məqalədə sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, habelə yaşayış məntəqələrini atəşə tutması ilə başlayan təxribatından, ümumilikdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən ətraflı bəhs olunub.
“Caixin Media”nın redaktorları müsahibədən əvvəl öz şərhlərində qeyd ediblər ki, bu münaqişənin səbəbi beynəlxalq səviyyədə tanınmış sərhəd bölgüsündə Azərbaycanın ərazisi kimi tanınan və separatçı meyilli Dağlıq Qarabağ bölgəsidir. Hərbi əməliyyatların başlamasından sonra Ermənistanın baş naziri Paşinyan “Azərbaycan erməni xalqına müharibə elan etdi” deyərək çıxış etdi və ölkədə milli səfərbərlik əmri verdi. Azərbaycan Prezidenti İlham Əliyev isə Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində əsgərlərin və mülki vətəndaşların həlak olduğunu, Azərbaycan Ordusunun müdafiə tədbirlərini gücləndirərək, Ermənistan silahlılarına qarşı əks-hücum əməliyyatı həyata keçirdiyini bildirib.
Şərhdə qeyd olunur ki, təxminən 4400 kvadratkilometr ərazisi olan Dağlıq Qarabağ bölgəsindən azərbaycanlılar məcburi şəkildə qovulub. Bu ərazi dünya ictimaiyyəti tərəfindən Azərbaycanın suveren ərazisi kimi tanınır. Yerli idarəetmənin erməni separatçılarının nəzarətində olduğu bölgədə 1990-cı illərdə qiyamlar nəticəsində beynəlxalq səviyyədə tanınmayan “Dağlıq Qarabağ respublikası” qurulub. 1994-cü ildə beynəlxalq qüvvələrin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan regionda atəşkəslə bağlı razılığa gəliblər. Lakin sonrakı 26 il ərzində Dağlıq Qarabağ bölgəsi və ətrafında kiçikmiqyaslı qarşıdurmalar tədricən davam edib. 2020-ci ilin iyulunda Azərbaycan və Ermənistanın sərhəd bölgəsində iki ölkənin silahlı qüvvələri arasında növbəti qanlı qarşıdurma baş verib. Sentyabrın 27-də başlayan qarşıdurma isə əvvəlkilərdən onunla fərqlənir ki, hər iki ölkədə səfərbərlik elan edilib.
Səfir Ə.Zeynallı holdinqin jurnalistlərinin suallarını cavablandırarkən Dağlıq Qarabağın tarixən Azərbaycan torpağı olması, ermənilərin oraya XIX əsrdən başlayaraq kütləvi şəkildə köçürülməsi, münaqişənin tarixi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və etnik təmizləmə siyasəti, Xocalı faciəsi, Ermənistanın atəşkəs dövründə törətdiyi təxribatlardan bəhs edib. Qeyd edib ki, Dağlıq Qarabağdakı separatçı rejimi Ermənistan da daxil olmaqla heç bir ölkə tanımayıb.
Ermənistanın təmas xəttində törətdiyi sonuncu təxribatdan sonra Azərbaycan Ordusunun başladığı əks-həmlə əməliyyatından söz açan diplomat qeyd edib ki, Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasındadır.
Azərbaycanın güclü ordusu var və bizim öz qüvvələrimizlə torpaqlarımızı azad edəcəyimizə heç kəsin şübhəsi olmasın. Bəzi media orqanlarının guya Azərbaycan tərəfdən suriyalı silahlılarının vuruşması ilə bağlı saxta xəbərlərinə toxunan səfir Ə.Zeynallı bildirib ki, bu cür xəbərləri Ermənistanın rəsmi qurumları, o cümlədən səfirlikləri yayır. Əsas məqsədləri də müharibənin arealını genişləndirmək, Ermənistan tərəfindən üçüncü tərəfi müharibəyə cəlb etməkdir. Azərbaycan ərazisində Ermənistandan fərqli olaraq heç bir dövlətin ordusu və hərbçiləri yoxdur. Əksinə, Ermənistanın Suriyadan və Livandan işğal altındakı Dağlıq Qarabağ ərazisinə muzdlu döyüşçülərin gətirməsinə dair dəqiq, təkzibedilməz faktlar vardır.
Münaqişənin danışıqlar yolu ilə həllinin mümkünlüyü ilə bağlı sualı cavablandıran diplomat deyib ki, bunun üçün Ermənistanın silahlı qüvvələrinin beynəlxalq hüququn tələblərinə, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə uyğun olaraq Azərbaycan ərazisindən tam çıxarılmalı və sülh danışıqları üçün münbit zəmin yaradılmalıdır. Bu, danışıqların davam etdirilməsi üçün əsas şərtdir. Beynəlxalq hüququn dünyada işləməsinin tərəfdarı olan və daim ikili standartlardan şikayətlənən bütün dövlətlər də bu cür münaqişələrdə açıq-aydın mövqe bildirməli, Ermənistanı sülhə məcbur etməlidirlər. Vasitəçi ölkələr də öz məsuliyyətlərini dərk etməli, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə çalışmalıdırlar.
Qeyd edək ki, “Caixin Media” internet holdinqinin platformalarının aylıq 280 milyon oxucusu var. Bu platformalar Çin elitası və idarəçiləri üçün beynəlxalq məsələlərə dair əsas məlumat mənbəyi hesab edilir. Belə bir vacib informasiya resursunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə aydın və ədalətli mövqeyin işıqlandırılmasının əhəmiyyəti böyükdür. Sözügedən material “tencent news”, “163.com”, “toutiao news” kimi əsas internet portallarında yerləşdirilib, Çinin “weiboo” və “wechat” kimi əsas sosial şəbəkələrində, o cümlədən “Caixin Media”nın 7 milyon 630 mindən çox izləyicisi olan internet hesablarında da geniş paylaşılıb. Sözügedən məqalə Çinin internet resurslarında ən çox oxunan 10 məqalədən biri olub.