05
Oktyabr

5 Oktyabr

Yerli media

Ella Romanova: Cəlilabadda yaşayan rus icmasının üzvləri cəbhədən gələn qələbə xəbərlərini böyük sevinclə qarşılayırlar (Azərtac)

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin başladığı tolerantlıq siyasəti ölkəmizdə uğurla həyata keçirilir. Azərbaycanda digər millətlərin və xalqların nümayəndələrinə münasibətdə birgə yaşayış və multikulturalizm ənənələrinin genişləndirilməsində və inkişaf etdirilməsində dünya dövlətlərinə nümunə göstərilə biləcək faktlar yetərincədir. Ölkəmizdə yaşayan etnik azlıqların və müxtəlif millətlərin nümayəndələrinin rahat və mənalı həyat sürməsi üçün hər cür şərait var.

Bu sözləri Cəlilabad rayonundakı rus icmasının sədri Ella Romanova bildirib.

Uzun illərdən bəri təcavüzkar siyasət apararaq Azərbaycan torpaqlarına göz dikən Ermənistan iqtidarının avantürist siyasətinin bu gün də davam etdiyini vurğulayan rus icmasının sədri, ermənilərin riyakar əməllərinin, törətdiyi təxribatların Azərbaycan cəmiyyətində təşviş yaratmaq olduğunu diqqətə çatdırıb.

Ella Romanova daha sonra deyib: “Son günlərin hadisələri xalqımızın birliyini və ruh yüksəkliyini bariz şəkildə nümayiş etdirdi. Azərbaycanda xalq və ordu arasında sarsılmaz birlik mövcuddur. Minlərlə insanın orduya könüllü kimi yazılması qələbəmizə inamın ən parlaq təzahürlərindən biridir. Milli Ordunun çevikliyi və peşəkarlığı ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və cəbhənin dərinliklərində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası məhv edilib. Bu gün fərəh hissi ilə qeyd edirik ki, Azərbaycanın əzəli torpaqlarının işğal altında olan bir sıra yaşayış məntəqələri düşmən tapdağından azad edilib.

Cəlilabadda yaşayan rus icmasının üzvləri cəbhədən gələn qələbə xəbərlərini dərin məmnunluq və sevinc duyğuları ilə qarşılayırlar. İnanırıq ki, yaxın günlərdə Azərbaycan Respublikasının dövlət sərhədləri tam bərpa olunacaq, qaçqın və köçkün vətəndaşlarımız öz dədə-baba yurdlarına qayıdacaqlar.

Biz yekdilliklə dərin inam və razılıq hissləri ilə bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü dövlətimiz, güclü ordumuz basılmazdır. Azərbaycanın apardığı mübarizə haqq mübarizəsidir. Biz inanırıq ki, Azərbaycan bayrağı ən yaxın zamanda Xankəndidə, Şuşada dalğalanacaq. Biz, Cəlilabadda yaşayan ruslar Azərbaycan xalqının məkrli düşmənlə apardığı mübarizəyə tam dəstək verərək bir daha bildiririk ki, xalqın haqq işi qələbə çalacaq.

Cəlilabad rayonunda yaşayan rus icmasının bütün üzvləri Ali Baş Komandanın daim yanındadır və onun əmri ilə hər zaman silaha sarılmağa hazırdırlar”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.