05
Oktyabr

5 Oktyabr

Yerli media

Erməni faşistləri Tərtərin Əskipara kənd tam orta məktəbini də hədəf alıb (Azərtac)

Ermənistan silahlı qüvvələri müharibə cinayəti törədərək, Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri artilleriya atəşinə tutmağa davam edir. Nəticədə mülki obyektlərə, dinc əhalinin əmlakına külli miqdarda ziyan vurulur, infrastruktur sıradan çıxır.

İşğalçı Ermənistan hərbçilərinin hədəfə aldığı yaşayış məntəqələrindən biri də Tərtər rayonunun Əskipara kəndidir. Düşmənin artilleriya atəşləri nəticəsində sentyabrın 27-dən indiyə kimi kəndin ərazisinə 300-dən çox mərmi düşüb. Nəticədə 1 nəfər kənd sakini yaralanıb, 3 ev dağılıb, 24 evə, 2 yardımçı binaya, həmçinin infrastruktura, kənd təsərrüfatına ziyan dəyib, 5 baş iribuynuzlu, 6 baş xırdabuynuzlu heyvan tələf olub.

Xüsusi qeyd etmək lazımdır ki, Əskipara kənd tam orta məktəbi də artilleriya atəşinə tutulub. Bu, bir daha göstərir ki, Azərbaycan əsgəri ilə üz-üzə döyüşməkdən qaçan düşmən bütün müharibə qanunlarını pozur və bu, vandalizmin açıq-aşkar sübutudur. Beynəlxalq təşkilatlar və dünya dövlətləri isə buna səssiz qalır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.