16
Oktyabr

16 Oktyabr

Media

Türkiyə kütləvi informasiya vasitələri Prezident İlham Əliyevin fəaliyyətinin işıqlandırılmasına geniş yer ayırır. Dövlətimizin başçısının müsahibələri, eləcə də ordumuzun rəşadəti barədə fikirləri, Ali Baş Komandanımızın cəbhədəki qələbələrə dair paylaşdığı yeni məlumatlar bir an içərisində Türkiyə KİV-lərinin ana xəbəri kimi qalmaqdadır.

Prezident İlham Əliyevin işğalçı Ermənistan rəhbərliyinə və dünya ictimaiyyətinə ünvanlandığı mesajlar Türkiyə mediası və ictimaiyyəti tərəfindən sonsuz maraqla qarşılanır.

Mətbuat, eyni zamanda, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və davamlı olaraq ölkəmizə qarşı hücumlar həyata keçirməsi nəticəsində yaranmış hərbi gərginlik, düşmən ordusunun dinc azərbaycanlı əhaliyə qarşı namərd hücumları barədə xəbərləri geniş işıqlandırır. Azərbaycan Müdafiə Nazirliyinin döyüş bölgəsindən yaydığı videomateriallar telekanallarda və xəbər saytları tərəfindən yayımlanır.

Məlumatlarla Anadolu, İHA, DHA agentlikləri, TRT Haber, Haber Türk, TGRT, A Haber, Haber Global, Bengü TV, CNN türk telekanallarının, habelə “Akşam”, “Milliyət”, “Sabah”, “Yeni çağ”, “Yeni akit” və s. nüfuzlu qəzetlərin, həmçinin yerli bölgə saytlarında tanış olmaq mümkündür.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.