16
Oktyabr

16 Oktyabr

Xarici media

Misirdəki Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirov “Almydannews” qəzetinin müxbiri Əhməd Vahidə müsahibəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində xalqımızın haqlı mövqeyini çatdırıb.

Dağlıq Qarabağın mübahisəli ərazi olmadığını, bütün dünya tərəfindən hüquqi müstəvidə tanınan əzəli və əbədi Azərbaycan torpağı olduğunu qeyd edən diaspor sədri ərəb KİV-lərini, o cümlədən misirli jurnalistləri öz yazılarında bu mühüm detala diqqət yetirməyə çağırıb. S.Nəsirov vurğulayıb ki, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Dağlıq Qarabağ və ona bitişik rayonlardan çıxarılmasına dair sənədlərinə baxmayaraq, təcavüzkar ölkə 30 ilə yaxın müddətdə sülh danışıqlarından yalnız status-kvonu qoruyub saxlamaq üçün istifadə edib. İşğalçı ermənilərdən fərqli olaraq, qəhrəman Azərbaycan əsgəri öz doğma torpağında döyüşür və haqq işi uğrunda mübarizə apararaq böyük zəfərlər qazanır.

Diaspor sədri, həmçinin dünyanın bir çox dövlətlərinin, İslam Əməkdaşlıq Təşkilatı başda olmaqla çox sayda beynəlxalq təşkilatın erməni ordusu tərəfindən Qarabağın azərbaycanlı əhalisinə qarşı törədilmiş Xocalı hadisəsini soyqırımı kimi tanıdığını qeyd edib. O əlavə edib ki, son günlər Azərbaycan Ordusunun qarşısında aciz qalan ermənilər mülki obyektləri, dinc əhalini hədəfə almaqla müharibə cinayəti törədirlər.

Qəzetin materialında Azərbaycan Müdafiə Nazirliyinin məlumatlarına istinadla rəşadətli Ordumuzun torpaqlarımızı işğaldan azad etməsindən də bəhs olunur.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.