Xarici media
İtaliyanın Geopolitica.info Tədqiqat Mərkəzinin portalında Venesiyanın Ca Foscari Universitetinin professoru və aparıcı beyin mərkəzi olan İSPİ-nin tədqiqatçısı Karlo Frappinin “Dağlıq Qarabağdakı münaqişə yenidən alovlandı: Prof. Karlo Frappi ilə reportaj” başlıqlı müsahibəsi dərc olunub.
Qafqaz üzrə tədqiqatçı-ekspert olan professor Karlo Frappi ilə müsahibədə Ermənistanın Azərbaycana qarşı sentyabrın 27-də başlatdığı yeni hərbi təcavüzü və bu xüsusda, Azərbaycanın özünümüdafiə hüququ çərçivəsində həyata keçirdiyi hərbi əməliyyatlar, Ermənistan-Azərbaycan münaqişəsi, münaqişənin siyasi və hüquqi çərçivəsi, region dövlətlərinin rolu kimi məsələlərə toxunulur.
Dağlıq Qarabağ münaqişəsinin 1988-ci ildən davam etdiyini, genişmiqyaslı silahlı toqquşmaların isə məhz indi baş verməsinin səbəbi ilə bağlı suala cavab verən K.Frappi hazırkı vəziyyətin heç də təəccüblü olmadığını bildirib. O deyib: “Ermənistanla Azərbaycan arasında silahlı toqquşmaların yenidən başlaması təəssüf ki, proqnozlaşdırılan idi. İyul ayında baş vermiş qısamüddətli qarşıdurma döyüşlərin dayandırılmasına baxmayaraq, narahatlıq doğururdu və bu, toqquşmalarda keyfiyyətcə yeni bir sıçrayışın olduğu aydın şəkildə görünürdü. Mən hələ ən inkişaf etmiş hərbi texnologiyaya və istifadə olunan silah növlərinə toxunmuram. Hər şeydən əvvəl, toqquşmaları müşayiət edən vəziyyətə, Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətlərinə, həm ölkə daxilində, həm də xaricdə demək olar ki, bütün böyük ölkələrdə təkrar qarşıdurmaların baş verdiyi millətçilik dalğalarına işarə edirəm. Eyni zamanda, iki ölkənin institusional təmsilçiləri arasında münaqişədən sonrakı həftələrdə azalma əvəzinə, daha da dərinləşən şifahi qarşıdurmanı nəzərdə tuturam”.
Hadisələrin hazırkı vəziyyətə gəlib çıxmasında beynəlxalq ictimaiyyətin hərəkətsizliyinin və vasitəçilərin fəaliyyətinin səmərəsizliyinin də böyük rol oynadığını vurğulayan K.Frappi bildirib: “Bu mənzərəyə bölgədə davamlı olaraq çalınan həyəcan təbili qarşısında beynəlxalq ictimaiyyətin və vasitəçilərin ənənəvi hərəkətsizliyini də əlavə etsək, münaqişənin yenidən alovlanmasının az qala açıq-aşkar bir nəticə olduğunu başa düşərik”.
Jurnalistin ötən il martın 29-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ilk rəsmi görüşün keçirilməsi və görüşdə iki rəhbərin sərhəd boyunca silahlı qarşıdurmanı azaltmaqla bağlı söz verməsi fonunda indiki genişmiqyaslı qarşıdurmaya gətirən səbəblərlə əlaqədar sualına cavab verən K.Frappi Nikol Paşinyanın “saxta islahatçı” olmasına işarə edib. O qeyd edib: “Şəxsən mən son 2 ildə meydana gələn iki əhəmiyyətli və əlaqəli dinamikaya diqqət yetirərdim. Bir tərəfdən, şübhəsiz ki, regiondakılar və regiondan kənardakılar üçün 2018-ci il sözdə erməni məxməri inqilabı, Nikol Paşinyanın siyasi bəyanatları və “Qarabağ klanı”nı marginallaşdırmasının münaqişənin sülh yolu ilə həllinə kömək edə biləcəyinə ümid bəsləyənlər üçün təəssüfedici oldu. Lakin ümidverici əlamətlərə baxmayaraq, Paşinyanın islahatçı platforması daha açıq danışıqlara və diplomatik cəhətdən çıxılmaz vəziyyəti qurtarmaq üçün kömək edə biləcək kompromisə getməsinə doğru yönəlmədi. Bəzən hətta əksinə, maneə oldu. Bu dinamikaya bir sıra beynəlxalq və daxili amillər təsir göstərmiş ola bilər - daxili institusional qütbləşmədən diasporla çətin münasibətlərə qədər. Lakin Ermənistan baş nazirinin ritorikası və təşəbbüsləri onun sələflərindən heç də fərqli olmadığı faktını dəyişdirmir”.
Diqqəti Azərbaycanın suveren ərazilərinin işğalına və məcburi köçkünlərin faciəsinə yönəldən K.Frappi sözlərinə belə davam edib: “Xatırlamaq istədiyim ikinci element “məyusluq amili” ilə əlaqədardır. Mən Azərbaycan hakimiyyətinin münaqişənin sülh yolu ilə həlli perspektivlərinin dondurulması ilə bağlı artan məyusluğunu nəzərdə tuturam. Bakı üçün, - bu günə qədər beynəlxalq təşkilatların münaqişənin həlli üçün təsdiq etdiyi sənədlərin prinsip və müddəalarına uyğun olaraq, - işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonlar üzərində Azərbaycanın suverenliyinin yenidən təsdiqlənməsi məsələsi müzakirə predmeti deyil. Eyni zamanda, məcburi köçkünlərin həmin ərazilərə qayıtmaq hüququna heç bir şübhə yoxdur. Bu baxımdan, gözləntilərin qarşılanmaması və beynəlxalq ictimaiyyətin aşkar maraqsızlığının partlayıcı qarışığı elə bir vəziyyət yaratdı ki, güc tətbiq etməklə işğal olunmuş əraziləri güc tətbiqi ilə geri almaq yeganə alternativə çevrildi”.
Azərbaycan tərəfinin daim münaqişənin danışıqlar yolu ilə həll edilməsini dəstəklədiyini, lakin özünümüdafiə hüququ çərçivəsində ərazilərin geri qaytarıla biləcəyini də dəfələrlə vurğuladığını bildirən tədqiqatçı qeyd edib: “Digər tərəfdən, Prezident Əliyev və Azərbaycan hakimiyyətinin digər nümayəndələri illərdir ki, münaqişənin sülh yolu ilə həllinə üstünlük vermələrinə və dəstəkləmələrinə baxmayaraq, həmin ərazilərin öz suverenliyi altına qaytarılması üçün hərbi yolun son çarə olaraq qaldığını açıq şəkildə təkrarlayırdı. Bu gün Azərbaycanın başlatdığı geniş və açıq şəkildə planlaşdırılan hərbi əməliyyata təəccüblənən və ya qəzəblənən hər kəs, - erməni təxribatına cavab verilib-verilməməsindən asılı olmayaraq, - yalnız riyakarlıq etmiş olar”.
Jurnalistin Türkiyə, Rusiya, ABŞ kimi ölkələrin, eləcə də Avropa İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) münaqişəyə cəlb oluna bilmə ehtimalı ilə bağlı sualına cavabında K.Frappi məsələyə sözügedən ölkələrin regionda oynadıqları rol baxımından yanaşaraq bildirib: “Daha əvvəllər beynəlxalq aktorlar hazırkı mübahisədə bu günlə müqayisədə daha əhəmiyyətli rol oynayıblar. Qeyd edilənlər arasında Rusiya əsas oyunçu olaraq qalır. Rəsmi Moskva digərlərindən fərqli olaraq, daxili və xarici dinamikanın qarışıq bir şəkil aldığı bölgədə əhəmiyyətli maraqlara sahibdir. Rusiya bu ərazidə real nüfuza sahib yeganə aktor olaraq qalır. Rusiyanın təsiri heç də birmənalı deyil. Belə ki, o, hər iki döyüşən tərəflə dialoq qurur (və onlara silah satır), Ermənistana xarici təhlükəsizliyin əsas zəmanətini təklif edir və eyni zamanda, həm ATƏT-in çoxtərəfli kontekstində, həm də ikitərəfli müstəvidə özünü münaqişədə əsas vasitəçi kimi göstərir”. Bundan başqa, adıçəkilən digər aktorların Moskvaya nisbətən daha məhdud güc mənbələrindən qaynaqlanan daha marjinal bir rolu olan Türkiyə ilə bağlıdır, ya da bölgədə daha fəal rol oynamaq istəməyən ABŞ-dır. ABŞ ən azı 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən etibarən ayrıca bir mövqe tutur. Avropa İttifaqı isə həmin dövrdən etibarən ümumilikdə bölgədə, xüsusilə də Dağlıq Qarabağdakı münaqişəyə münasibətdə özünü maraqsız və ya öz təsirini göstərmək iqtidarında olmayan biri kimi göstərir”.
KTMT ilə bağlı məsələyə münasibət bildirən K.Frappi isə Azərbaycan tərəfinin hərbi əməliyyatları öz suveren ərazisi daxilində həyata keçirməsi səbəbindən təşkilat üzvlərinin münaqişəyə cəlbinin hüquqi əsaslarının olmadığını diqqətə çatdırıb. O deyib: “KTMT-yə gəldikdə, “qarşılıqlı yardım klazulası”nın işə salınması üçün siyasi məsələlərdən əvvəl hüquqi şərtlərin də yarandığını düşünmürəm. Ermənistan Respublikası hücum altında deyil və çox güman ki, (və ümid edirəm) heç vaxt da olmayacaq. Münaqişə Azərbaycanın suveren ərazisi daxilində “məhdudlaşdırılmış” olaraq qalır. Azərbaycan tərəfinin hərbi əməliyyatların genişləndirilməsində heç bir marağı və ya bu baxımdan rahatlığı da yoxdur. Bunu söyləyərək diqqəti xarici aktorlara yönəltmək münaqişənin ən dərin mahiyyətindən yayındırmaq riski daşıyır. Münaqişənin mahiyyəti isə Ermənistan ilə Azərbaycan arasında ərazi mübahisəsidir”.
Jurnalistin münaqişənin xristian Ermənistanla müsəlman Azərbaycan arasında dini qarşıdurma kimi təqdim edilmə halları ilə bağlı sualına cavab olaraq, K.Frappi bunun dini münaqişə olmadığını qeyd edib, eləcə də diqqəti Azərbaycandakı dünyəvilik və tolerantlıq dəyərlərinə yönəldib. Professor deyib: “Dağlıq Qarabağ münaqişəsinin dinlə heç bir əlaqəsi yoxdur. Bu yanaşma, - münaqişənin özü ilə yaranmış, o vaxtdan etibarən ətalət və təbliğatın qarışığı nəticəsində sağ qalmışdır, - ötən əsrin 90-cı illərinin ortalarında “sivilizasiyaların toqquşması” nəzəriyyəsinin mövcud olduğu və məlumatsızlığın geniş yayıldığı bir mərhələdə baş verməsinin “günahı”nın əvəzini ödəyir. O zaman Ermənistan-Azərbaycan münaqişəsinin fonunda formalaşan Rusiya-Türkiyə qarşıdurması da bu yanaşmanın yaranmasına kömək etdi. Ancaq o vaxt bu, Ankara-Bakı oxunu möhkəmləndirən İslam həmrəyliyindən daha çox pantürk həmrəyliyi idi. Yuxarıdakı mülahizələrə Qərb ictimai rəyinin bir hissəsinin gizli islamofobiya instinktini nəzərə alaraq başqa bir element də əlavə edərdim. Azərbaycan tamamilə dünyəvi ölkədir və onun institutları ənənəvi olaraq dünyəvilik dayaqlarına malikdir, habelə kimlik və milli quruculuq keçmiş sosial, mədəni və siyasi həyatın dünyəviliyi əsasında formalaşmışdır. Bu səbəbdən bu münaqişədə din qarşıdurması fərziyyəsinin heç bir əsası yoxdur”.
Jurnalistin münaqişənin həllində Minsk qrupunun rolu ilə bağlı sualını cavablandıran K.Frappi bu qurumu “köhnəlmiş” və “səmərəsiz” adlandırıb, eləcə də onun formatının regiondakı yeni güclər balansına uyğunlaşdırılmasının zəruriliyinə işarə edib. O vurğulayıb: “Münaqişənin gələcəyinə baxsaq, bu, açıq şəkildə mərkəzi düyünlərdən biridir və eyni zamanda, açılması çox mürəkkəbdir. Minsk qrupu açıq şəkildə təsirsiz qalmamışdan daha əvvəl də tükənmiş bir mexanizm idi. Buna baxmayaraq, bu qrup hazır bir danışıq formatı təklif edir, artıq sınaqdan keçmiş və döyüşən tərəflərin təsdiqlədiyi münaqişənin həlli üçün prinsiplərdə israrlıdır. Beləliklə, istər-istəməz oyunda iştirak edən bütün aktorlar üçün məcburi istinad nöqtəsi olaraq qalan bir mexanizmi dəyişdirmək çətindir. Minsk qrupunun döyüşən tərəflərin təsdiq edilmiş prinsiplərə hörmət göstərməyə məcbur etməkdə sübut olunmuş təsirsizliyindən əlavə, düşünürəm ki, danışıqlar mexanizminin zəifliyi hər şeydən əvvəl onun köhnəlməsindən qaynaqlanır. Başqa sözlə, söhbət hazırkı tərkibində 1990-cı illərin ortalarında müəyyənləşdirilən, Cənubi Qafqazdakı hazırkından tamamilə fərqli olan əməkdaşlıq və güc rəqabətinin məntiqini əks etdirən bir formatdan gedir. Qrupun həmsədrliyinin eyni tərkibi mövcud ssenaridə az məna kəsb edir. İnanıram ki, mövcud regional güc və təsir tarazlığına daha çox uyğunlaşma vasitəçilik işini buradan götürməli olan hər hansı bir mexanizm üçün vacib şərtdir”.
Jurnalistin hazırkı qarşıdurmanın nəticəsinin bölgədəki tarazlığı poza bilməsi ehtimalı ilə bağlı sualına cavabında K.Frappi deyib ki, Ermənistanla Azərbaycan arasındakı “mübahisəli” ərazinin əhəmiyyəti, mənbələri baxımından taleyi nə olursa-olsun, regional tarazlığı dəyişə biləcək qədər deyil. Yəni, döyüşən tərəflər üçün maddi baxımdan deyil, mənəvi baxımdan daha çox aktuallıq kəsb edir. Digər tərəfdən, davam edən qarşıdurma və xarici aktorların reaksiyası regional diplomatik və strateji oyunda müəyyən dəyişikliklərə səbəb ola bilər”, - professor fikrini tamamlayıb.