Xarici media
Avstriyada fəaliyyət göstərən “Avusturya gündem“ internet televiziyasının müəllif verilişində Ermənistanın Azərbaycana qarşı təxribatları və hazırda cəbhədəki vəziyyətə həsr olunmuş veriliş yayımlanıb.
Tanınmış jurnalist Özden Çeliyin aparıcısı olduğu verilişdə Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin sədri Yardım Günəş, Azərbaycan Mədəniyyət Mərkəzində dil kurslarının rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Abdalla və Avstriyadakı xüsusi müxbir Elgün Niftəli qonaq qismində iştirak ediblər.
Verilişdə ilk olaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, hərbi təcavüzü və Dağlıq Qarabağın ətrafındakı ərazilərin işğalının tarixinə aydınlıq gətirilib. Yaqut Abdalla “Gülüstan” və “Türkmənçay” müqavilələrindən başlayaraq ermənilərin məqsədyönlü şəkildə Azərbaycan ərazilərinə köçürülməsi, Rusiya imperiyasının burada xristian əhalidən ibarət dayaq nöqtəsi yaratma siyasəti, “dənizdən dənizə” xülyası ilə yaşayan ermənilərin Azərbaycan torpaqlarına göz dikməsi və XX əsrin əvvəlində və sonunda həyata keçirdiyi işğalçılıq siyasətindən bəhs edib.
Əslən İğdırdan olan Yardım Günəş isə ermənilərin azərbaycanlılara qarşı törətdiyi qırğınların onun ailəsindən də yan keçmədiyini, hələ bir əsr bundan əvvəl erməni yaraqlılarının onun babası da daxil olmaqla, çoxlu sayda silahsız dinc sakini qətlə yetirdiyini bildirib. O, ötən əsrin 90-cı illərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün canlı şahidi olduğunu, beynəlxalq ictimaiyyətin Azərbaycanda mülki əhaliyə qarşı törədilən vəhşiliklərə susmasının onu hiddətləndirdiyini və rəhbərlik etdiyi təşkilat çərçivəsində Azərbaycanın haqq səsini Avstriya ictimaiyyətinə çatdırılması üçün fəaliyyətlərindən danışıb.
Azərbaycanın Avstriyadakı xüsusi müxbiri Elgün Niftəli Ermənistan tərəfinin sentyabrın 27-dəki təxribatı və bütün cəbhə boyu hücumlarının səbəblərindən danışıb. Qeyd edilib ki, Ermənistanın hazırkı hərbi-siyasi rəhbərliyi artıq uzun müddətdir sülh danışıqlarını pozur, ATƏT-in Minsk qrupu qeyri-işlək vəziyyətə salınıb. Digər tərəfdən, əhalinin diqqətini ölkədəki iqtisadi və səhiyyə böhranından xarici amillərə yönləndirmək üçün fürsət axtaran Paşinyan hökuməti hələ iyulda cəbhə xəttində deyil, dövlət sərhədində təxribata əl atmışdı. Sentyabrın 27-dən Azərbaycana qarşı növbəti dəfə təxribat və hücumlara başlayan Ermənistan Azərbaycanın cəbhəboyu ərazilərində yaşayış məntəqələrində 19 dinc sakini qətlə yetirib, çox sayda yaralı və dağıntılar var.
Diqqətə çatdırılıb ki, öz suverenliyini qoruyan Azərbaycanın həyata keçirdiyi bütün tədbirlər özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindədir və Azərbaycan Silahlı Qüvvələri bu istiqamətdə qətiyyətlə irəliləyir. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin hazırkı vəziyyətlə bağlı mövqeyi də Azərbaycan xalqı tərəfindən tam dəstəklənir. Azərbaycan Prezidenti danışıqların bərpasına dair Ermənistan tərəfinin çağırışlarına yalnız bir cavabın olduğunu qəti şəkildə bəyan edib: “Onlar bizim ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq, münaqişəyə son qoyulacaq”.
Verilişdə, həmçinin dünya mətbuatında müharibə ilə bağlı xəbərlərin qeyri-obyektiv təqdimatı, vasitəçilik missiyası yerinə yetirməli olan dövlətlər arasında tərəfkeş yanaşma, regional güclərin mövqeyi və hadisələrin mümkün gedişatı barədə fikir mübadiləsi aparılıb.