03
Oktyabr

3 Oktyabr

Xarici media

Koreya Respublikasının “Naewoeilbo” gündəlik qəzetində bu ölkədə yaşayan azərbaycanlıların Ermənistanın Azərbaycana qarşı son hərbi təcavüzü ilə bağlı Koreya xalqına müraciəti dərc olunub.

“Azərbaycan xalqının atəşə tutulması nifrət doğurdu, Ermənistana qarşı hərbi reaksiyanın verilməsi qərara alındı” başlığı ilə dərc edilən müraciətdə hazırda Ermənistan və Azərbaycan arasındakı hərbi qarşıdurmanın Azərbaycan torpaqlarında baş verdiyi, ölkəmizin məqsədinin yalnız öz ərazisini xarici işğalçılardan təmizləmək olduğu bildirilib. Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunmasına baxmayaraq, ölkəmizin uzun illər ərzində sülh danışıqlarına sadiq qalmasının vurğulandığı müraciətdə belə bir sual verilir: “Əgər hər hansı xarici ölkənin ordusu Koreya Respublikasının ərazisinin 20 faizini işğal etsəydi, günahsız vətəndaşlarını soyqırımına məruz qoysaydı, Koreya xalqı buna necə reaksiya verərdi?”.

Müraciətdə Azərbaycanın uzun illər Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə ümid bəslədiyi, lakin Ermənistanın bu xoş niyyəti rədd etdiyi və ölkəmizin mülki əhalisinə qarşı müharibə cinayətləri törətməyə davam etdiyi vurğulanıb, günahsız mülki əhaliyə qarşı hərbi təcavüzlərin qəbuledilməzliyi diqqətə çatdırılıb.

Bundan başqa, müraciətdə Ermənistanın Suriya, Livan kimi ölkələrdən terrorçu qruplara, o cümlədən PKK terror təşkilatına məxsus silahlıları Azərbaycanın işğal altındakı ərazilərinə yerləşdirdiyi və həmin terrorçu ünsürlərdən Azərbaycan xalqına qarşı qətliamlarda istifadə etdiyi bildirilib.

Xüsusi vurğulanıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi dini zəmində baş vermir, buna görə də münaqişənin dinlərarası qarşıdurma kimi təhlili və yaxud təqdimatı yolverilməzdir. Əgər Ermənistan-Azərbaycan münaqişəsi dini zəmində baş versəydi, o zaman Qafqazın digər xristian ölkəsi olan Gürcüstan ilə Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələri qurula bilməzdi.

Qeyd olunub ki, Azərbaycanın Ermənistan ərazisinə hər hansı iddiası, yaxud gizli niyyəti yoxdur, bizim məqsədimiz yalnız BMT və bütün dünya ölkələri tərəfindən tanınan ərazi bütövlüyümüzü bərpa etməkdir. Dağlıq Qarabağ mübahisəli ərazi deyil, Azərbaycanın əzəli torpağı olmaqla yanaşı, bütün dünya tərəfindən ölkəmizin ayrılmaz hissəsi kimi tanınır. Ermənistan təkcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini deyil, onun ətrafındakı daha 7 rayonu işğal edib və beləliklə, Qafqaz bölgəsini “barıt çəlləyi”nə çevirib.

Müraciətdə Azərbaycanın münaqişənin sülh yolu ilə həlli üçün 27 il səylər göstərdiyini, lakin sentyabrın 27-dən etibarən Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilən növbəti müharibə cinayətinin nifrət doğurduğu və Ermənistana lazımi cavab verilməsinin qərara alındığı bildirilib.

Soydaşlarımız Koreya xalqının diqqətinə çatdırıblar ki, Azərbaycan xalqı ərazi bütövlüyünün təmin olunması, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyon azərbaycanlının öz yurduna qayıtması ilə nəticələnən sülh istəyir. Bu prosesdə Koreya xalqının dəstəyini xahiş edir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.