Xarici media
Moldovanın “Tribuna” informasiya portalında Effektiv Siyasət İnstitutun (Kişineu) direktor müavini, tarix elmləri doktoru, siyasi analitik Ruslan Şevçenkonun “Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə başladı” sərlövhəli məqaləsi dərc olunub.
Məqalədə Ruslan Şevçenko Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə toxunur, Minsk qrupu çərçivəsində aparılan danışıqların nəticəsiz qaldığını qeyd edir. Politoloq vurğulayır ki, Minsk qrupu çərçivəsində fəaliyyət göstərən beynəlxalq vasitəçilər işğal altında olan torpaqları qaytarmaq üçün Ermənistana təzyiq göstərmək əvəzinə, münaqişəni sadəcə “dondurmuş” vəziyyətdə saxlayırdılar. Müəllif, həmçinin qeyd edir ki, 1994-cü ildən atəşkəs rejiminin tətbiq olunmasına baxmayaraq, Ermənistanın mütəmadi təxribatları və Azərbaycanın cəbhə bölgəsinə yaxın yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində çoxsaylı dinc sakin həlak olub və həlak olmağa davam edir.
R.Şevçenko bildirir ki, ötən illər ərzində Azərbaycan tərəfi danışıqlar prosesinə sadiq olub. Çünki danışıqlar prosesi nəticəsində ədalətin zəfərinə və beynəlxalq hüququn bərqərar olmasına ümid edib.
Məqalənin müəllifi vurğulayır ki, Qarabağ uğrunda müharibə çətin, lakin Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün mümkün vəzifədir. “Müharibənin uğurlu nəticəsi və Azərbaycanın qanuni hakimiyyətinin Qarabağda bərqərar olması, Moldova da daxil olmaqla, separatçılıq virusu ilə mübarizə aparan bütün ölkələr üçün faydalı nümunə olacaq. Digər tərəfdən, dövlətlərin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və suverenliyini şübhə altına almağa çalışan bütün separatçılar üçün sərt, lakin vacib bir dərs olacaq”, - deyə R.Şevçenko əlavə edib.