Xarici media
Almaniyanın “blogs.taz.de” nəşrində azərbaycanlı alim Asif Məsimovun “Dağlıq Qarabağ ətrafında münaqişə: bu da insan haqları barədədir” sərlövhəli məqaləsi çıxıb
Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən, bu münaqişə nəticəsində Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik yeddi rayonun işğal edilməsindən danışılır. Müəllif Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında gedən son döyüşlərlə bağlı bu günlərdə fikirlərini bildirən alman siyasətçilərinin mövqeyini işıqlandırır. Almaniya siyasətçiləri Barbara Hendirks (SDP), Sergey Laqodinski (İttifaq 90/Yaşıllar) və Helin Evrim Zommerin (Solçular partiyası) münaqişəni beynəlxalq hüquq çərçivəsində həll etməyə çağırdıqları və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədikləri halda alman deputatların digər qrupu Ermənistanın maraqlarına lobbiçilik edir. Asif Məsimov öz bəyanatlarında beynəlxalq hüquqa istinad etməyən və Azərbaycanla Türkiyəni “aqressiv siyasət”də əsassız olaraq suçlayan Cem Özdəmir (İttifaq 90/Yaşıllar), Sevim Dağdələn (Solçular partiyası), Hayke Henzel (Solçular partiyası) və Albert Vaylerin (XDİ) subyektiv mövqelərini tənqid edir.
Müəllif, həmçinin vurğulayır ki, qərəzli bəyanatlarla çıxış edən siyasətçilər etnik təmizləmə həyata keçirən və azərbaycanlıları öz torpaqlarından qovan Ermənistanda insan haqlarının pozulmasına lazımi diqqət ayırmırlar.