05
Noyabr

5 Noyabr

Yerli media

Əsgər anası: Böyük Qələbəmizə az qalıb (Azərtac)

Ermənistan ordusu dinc insanları, o cümlədən uşaqları, anaları qadağan olunan dəhşətli silahlarla qətlə yetirir, şəhər və kəndlərimizi dağıdır. Bu azmış kimi, indi də fosforlu mərmilərdən istifadə edir, meşələrimizi yandırır, ekoloji terror törədirlər. Dünyanın aparıcı dövlətləri isə ermənilərin bu vəhşiliyinə göz yumurlar. Bəs, erməni analar hara baxır?! Axı, onların övladları başqa torpaqda vuruşur, özü də qətlə yetirilirlər.

Bu sözləri Kürdəmir rayonunun Sığırlı kəndindən olan əsgər anası Əsli Tarverdiyeva söyləyib. Onun oğlu Əli cəbhədə düşmənə qarşı döyüşür. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qələbə xəbərlərindən hədsiz sevinc hissi keçirdiyini söyləyən əsgər anası bu döyüşlərdə oğlunun da iştirak etməsindən qürur duyduğunu bildirib. "Mən də övladı düşmənə qarşı döyüşən minlərlə anadan biriyəm. Artıq ordumuz düşməni tamamilə susdurmaq üzrədir. Böyük Qələbəmizə az qalıb. O günü səbirsizliklə gözləyirik. Allah haqq-ədalət yolunda döyüşən hər bir əsgərimizi qorusun", - deyə əsgər anası söyləyib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.