04
Oktyabr

4 Oktyabr

Yerli media

Ermənistanın müharibə cinayətlərinin izləri - Tərtərin Azad Qaraqoyunlu kəndindən reportaj (Azərtac)

Düşmən cəbhəboyu ərazilərdəki yaşayış məntəqələrini, mülki insanları artilleriya atəşinə tutmaqda davam edir. Erməni silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində də mülki sakinlərin evlərinə və təsərrüfatlarına ciddi ziyan dəyib.

Artilleriya atəşi nəticəsində Azad Qaraqoyunlu kəndinə onlarla mərmi atılıb, 4 yaşayış evinə, ibtidai məktəbə, infrastruktura, kənd təsərrüfatına ziyan dəyib, 2 nəfər yaralanıb, mal-qara tələf olub.

Kənd sakini Cahangir Həsənov deyib: "Düşmənin atəşi nəticəsində qardaşımın evinə də mərmi düşüb. Nəticədə ev dağılıb, tövlədə olan 17 baş iribuynuzlu mal yanaraq tələf olub. Görürsünüz, hər tərəf qəlpə izləridir. Malımıza-mülkümüzə dəyən ziyandan təəssüflənmirik. Hamımızın bir istəyi var - torpaqlarımız işğaldan azad edilsin. Əminik ki, bu istəyimiz tezliklə gerçəkləşəcək, Ordumuz düşməni məğlub edərək torpaqlarımızı azad edəcək, erməni vəhşiliyinə son qoyulacaq".

Kəndin digər sakini Elsevər Məmişov isə bildirib: "Düşmənin atdığı mərmilərdən biri də bizim evin yaxınlığında partlayıb. Evə, yardımçı binaya, hasara, qaz xəttinə ziyan dəyib. Bu ziyanlar aradan qaldırılacaq, dağılan evlər əvvəlkindən yaxşı bərpa ediləcək. Əsas odur ki, torpaqlarımız düşmən əsarətindən qurtarsın. Şükür Allaha ki, qəhrəman əsgər və zabitlərimiz bu işi uğurla həyata keçirir. Torpaqlarımız düşmən tapdağından azad edilir".

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.