03
Oktyabr

3 Oktyabr

Yerli media

Ağdam sakini: “Yaxşı ki, təsərrüfat işləri ilə əlaqədar yuxudan tez oyanmışdıq, yoxsa sağ qalmazdıq" (Azərtac)

Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələri, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutmağa davam edir. Bunun nəticəsində mülki obyektlərə, dinc əhalinin əmlakına külli miqdarda ziyan vurulub.

Düşmənin hədəfə aldığı yaşayış məntəqələrindən biri də Ağdam rayonunun Əhmədağalı kəndidir. Erməni faşistlərinin artilleriya atəşi nəticəsində kənddə bir nəfər mülki şəxs yaralanıb, evlərə, yardımçı binalara, təsərrüfatlara ziyan dəyib. Lakin bunlara baxmayaraq, kənd əhalisinin əhval-ruhiyyəsi yüksəkdir. Sakinlər Azərbaycan Ordusuna güvənərək öz doğma kəndlərini tərk etmir, gündəlik işləri ilə məşğul olurlar.

Əhmədağalı kənd sakini Taleh Əliyev: "Düşmənin artilleriya atəşi nəticəsində bizim evə də ziyan dəyib. Mərminin partlaması nəticəsində yataq otağı tamamilə yararsız vəziyyətə düşüb. Həmin gün ailəlikcə evdə idik. Mərmi evin yaxınlığına səhər düşdü. Yaxşı ki, təsərrüfat işləri ilə əlaqədar yuxudan tez oyanmışdıq. Yoxsa sağ qalmazdıq".

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.