03
Oktyabr

3 Oktyabr

Yerli media

Ağcabədinin Hindarx qəsəbəsi düşmənin artilleriya atəşinə məruz qalıb (Azərtac)

Şanlı Azərbaycan Ordusu qarşısında aciz qalan düşmən təmas xəttinə yaxın məsafədə yerləşən kəndlərlə yanaşı, uzaqda olan yaşayış məntəqələrini də artilleriya atəşinə tutur. Nəticədə kənd və qəsəbələrdə sakinlərə məxsus yaşayış evlərinə, yardımçı binalara, təsərrüfatlara ziyan dəyir.

Düşmənin artilleriya atəşinə məruz qalan yaşayış məntəqələrindən biri də Ağcabədi rayonunun Hindarx qəsəbəsidir.

Hindarx qəsəbə sakini Asif Məmmədovla söhbət zamanı bildirib ki, dağılan evin tikintisi yeni başa çatmışdı: “Xain düşmənin atəşi nəticəsində evin yaxınlığında mərmi partladı. Ordumuza gücü çatmayan faşist ermənilər mülki əhalinin yaşadığı yerlərə atəş açır. Lakin bu bizi qorxutmur, ruhdan salmır. Əminik ki, ordumuz tezliklə torpaqlarımızı azad edəcək. Qələbə bizimdir!”.

Hazırda düşmən Hindarx qəsəbəsini artilleriya atəşinə tutmaqda davam edir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.