03
Oktyabr

3 Oktyabr

Yerli media

Düşmən Tərtərdə salınan məcburi köçkünlərin yaşayış kompleksini yenidən artilleriya atəşinə tutub (Azərtac)

Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutmağa davam edir. Bunun nəticəsində mülki obyektlərə, dinc əhalinin əmlakına külli miqdarda ziyan vurulur.

Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün salınan yaşayış kompleksi yenidən düşmənin artilleriya atəşinə məruz qalıb. Binalara, klub icma mərkəzinə, həkim məntəqəsinə, musiqi məktəbinə ciddi ziyan dəyib.

Ermənistan yaşayış məntəqələrini atəşə tutmaqla müharibə cinayəti törədir, mülki insanlara qarşı terror vasitələrindən istifadə etdiyini və beynəlxalq humanitar hüququ kobudcasına pozduğunu nümayiş etdirir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.