01
Oktyabr

1 Oktyabr

Xarici media

Gürcüstanın nüfuzlu report.ge portalı Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Ermənistan silahlı qüvvələri torpaqlarımızdan çıxarıldıqdan sonra sülh danışıqlarına başlamaq olar” adlı məqaləsini dərc edib.

report.ge, 24news.ge, newsday.ge, interpressnews.ge xəbər portallarında Ermənistan silahlı qüvvələrinin cəbhə xəttinin müxtəlif istiqamətlərində atəşkəsi kobud şəkildə pozaraq Azərbaycanın mülki əhalisinə və hərbi mövqelərinə qarşı genişmiqyaslı hücumu nəticəsində yaranmış vəziyyət, eləcə də Azərbaycan rəsmilərinin bəyanatları və Azərbaycan Ordusunun cəbhədəki uğurları barədə silsilə materiallar dərc olunub.

Həmin materiallar oxuculara Azərbaycan, rus, ingilis və gürcü dillərində foto və videolarla təqdim olunur.

Materiallarda Azərbaycan Ordusunun apardığı qətiyyətli əks-hücum əməliyyatının cəbhənin bütün istiqamətlərində uğurla davam etdiyi, Ermənistan ordusundan fərqli olaraq Azərbaycan Ordusunun mülki əhaliyə deyil, yalnız hərbi obyektlərə zərbələr endirdiyi, Azərbaycan Ordusunun düşmən işğalı altında olan Hadrut yaşayış məntəqəsindəki Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının qərargahına, onun tabeliyində olan 1-ci motoatıcı alayının infrastrukturuna və Xocavənddəki 3-cü motoatıcı alayın qərargahına atəş zərbələri endirdiyi xüsusi qeyd olunur.

Oxuculara təqdim olunan videolarda düşmən texnikasının necə darmadağın edildiyi, eləcə də erməni cəlladların atdığı top mərmiləri nəticəsində mülki əhali arasında ölənlərin və dağıntıların olması əksini tapıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.