01
Oktyabr

1 Oktyabr

Xarici media

Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətinin və əsasız iddialarının bədəlini ödəyir. Təcavüzkar Ermənistanın təxribat xarakterli hücumları nəticəsində bölgədə yaranmış hərbi qarşıdurmanın bütün məsuliyyətini bu ölkənin rəhbərliyi daşıyır.

Bu fikirlər Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimin bu ölkədə aparıcı kütləvi informasiya vasitələrində (Haberler.com) yer alan açıqlamalarında əksini tapıb.

“A HABER”, “TRT AVAZ”, “HABER GLOBAL” telekanalları, “Anadolu”, DHA xəbər agentlikləri, “Milliyyət”, “Hüriyyət” qəzetləri və digər mətbu orqanlar diplomatik nümayəndəliyimizin rəhbərinin münaqişə ilə bağlı fikirlərinə geniş yer veriblər.

Sentyabrın 27-də münaqişə başlayandan bəri prosesin inkişafı ilə bağlı KİV-ləri məlumatlandıran səfir əminliklə ifadə edib ki, Prezident İlham Əliyev ətrafında sıx birləşən Azərbaycan xalqının milli Ordumuza dəstəyi Silahlı Qüvvələrimizin döyüş zəfərinə böyük töhfə olacaq.

Səfir vurğulayıb ki, Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyə dövlətinin və xalqının Azərbaycana mənəvi dəstəyi həmişə olduğu kimi, yenə də xalqımız tərəfindən yüksək dəyərləndirilib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.