01
Oktyabr

1 Oktyabr

Xarici media

Almaniyanın “freitag.de” portalında Asif Məsimovun müəllifi olduğu “Azərbaycanda müharibə: Ermənistan qoşunları geri çəkilməlidir” sərlövhəli məqalə dərc olunub.

Məqalədə sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində növbəti təxribat həyata keçirdiyi bildirilir. Təmas xəttində hərbi əməliyyatların aktivləşməsində Ermənistanın baş naziri Nikol Paşinyanın son zamanlar etdiyi təxribatçı hərəkətlərin də böyük rol oynadığı bildirilir. Qeyd olunur ki, Nikol Paşinyan hakimiyyətə gələndən etibarən mütəmadi şəkildə Bakının qəzəbinə səbəb olan hərəkətlər edib. O, “Dağlıq Qarabağ Ermənistandır” deyib. İşğalçı ölkənin müdafiə naziri isə “yeni ərazilər üçün yeni müharibə” doktrinasını irəli sürüb, habelə Paşinyanın xanımı Dağlıq Qarabağda hərbi təlimlərdə iştirak edərək əlində silah şəkil çəkdirərək onu nümayişkaranə şəkildə paylaşıb.

Məqalədə Rusiyanın, Almaniyanın, Fransanın və Avropa İttifaqının tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırdığı qeyd olunur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın münaqişə ilə bağlı həqiqətin yanında olduğu və ədalətli mövqe tutduğu vurğulanır.

Yazıda diqqətə çatdırılır ki, Azərbaycan tərəfi beynəlxalq ictimaiyyətdən Ermənistanın təcavüzkar addımlarına son qoyulmasını tələb etməyi gözləyir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.