27
Oktyabr

27 Oktyabr

Yerli media

Ağdam sakini: Düşmən istəyinə nail ola bilməyəcək (Azərtac)

Oktyabrın 26-da səhər saat 08.00-dan etibarən humanitar atəşkəs elan olunmasına baxmayaraq, düşmən yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir.

Artilleriya atəşinə tutulan yaşayış məntəqələrimizdən biri də Ağdam rayonunun Qaradağlı kəndidir.

Qaradağlı kəndinin sakini Elşad Rəhimov müxbirimizlə söhbət zamanı bildirib ki, səhər saatlarında düşmənin atdığı raket onun da evini dağıdıb: “Bu, artıq ikinci mərmidir ki, həyətimizə atılıb. Düşmənin niyyəti bizi qorxutmaq, ruhdan salmaqdır. Amma onlar bu niyyətlərinə nail ola bilməyəcəklər. Çünki düşməndən qorxmuruq. Öz doğma kəndimizdə yaşayırıq. Ali Baş Komandanımıza, Prezidentimizə, ordumuza güvənərək, hər gün artilleriya atəşi altında olsaq da, gündəlik işlərimizlə məşğuluq”.

Qeyd edək ki, Ermənistan atəşkəs rejiminə üçüncü dəfədir əhəmiyyət vermir. Oktyabrın 10-da Moskvada birgə bəyanat, oktyabrın 18-də Parisin vasitəçilik səyləri ilə öhdəliyin yenidən elan edilməsi və oktyabrın 24-də Vaşinqtonda təcili humanitar atəşkəsin həyata keçirilməsi razılığı Ermənistan tərəfindən kobud şəkildə pozulub.

Beləliklə, Ermənistan növbəti dəfə məqsədli şəkildə öz öhdəliklərinə məhəl qoymur və beynəlxalq vasitəçilərin səylərinə açıq hörmətsizlik göstərir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.