Xarici media
“Euractiv” portalında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin “Üçüncü tərəflərin neytrallığı Ermənistan-Azərbaycan münaqişəsinin həllini necə uzadır?” sərlövhəli məqaləsi dərc olunub.
Məqalədə xüsusilə beynəlxalq ictimaiyyətin və vasitəçilərin “balanslı yanaşma” siyasətinə diqqət çəkilir. Bildirilir ki, Sovet İttifaqının dağılmasından, Ermənistanla Azərbaycan arasında münaqişənin genişmiqyaslı müharibəyə çevrilməsindən sonra beynəlxalq vasitəçilər, siyasətçilər və ekspertlər münaqişənin həllinə dair həll yolu axtarırlar. Müəllif qeyd edir ki, sülh danışıqları üzrə klassik nəzəriyyə münaqişə tərəfləri arasında neytrallığın qorunmasını vacib hesab edir, lakin sülh prosesinin yol xəritəsi münaqişənin səbəbini anlamalı, narazılıqları bilməli və tərəflərin məqsədlərini öyrənməlidir.
Fərid Şəfiyev diqqətə çatdırır ki, “balanslı yanaşma” bəzi hallarda yalnız münaqişənin uzanmasına və mövcud status-kvodan razı qalan tərəfin maraqlarına xidmət edir.
1997-ci ildə dünyada üç əsas aktor olan Rusiya, ABŞ və Fransanın Ermənistan-Azərbaycan münaqişəsinə dair danışıqlarla bağlı ATƏT-in Minsk qrupunun tərkibində həmsədrlik institutu təsis etdiklərini vurğulayan müəllif yazır: “Hər üç dövlətdə böyük erməni icması yaşayır. ATƏT-in Minsk qrupunun prinsipial çatışmazlığı ondan ibarətdir ki, o, Dağlıq Qarabağın yekun statusunu özündə birləşdirən yeni formul axtararaq BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrindən uzaqlaşıb. Uğurlu formul tapmaq istiqamətində cəhdlərdən sonra 2007-ci ildə Madrid prinsipləri təklif edildi və 2009-cu ildə onlar yeniləndi. Madrid prinsipləri münaqişənin mərhələli həllini - ilk olaraq Dağlıq Qarabağ ətrafındakı Azərbaycan torpaqlarının işğaldan azad olunmasını, qaçqın və məcburi köçkünlərin geri qayıtmasını, nəqliyyat və kommunikasiyanın bərpasını özündə birləşdirsə də, Dağlıq Qarabağın yekun statusunu sonuncu mərhələdə həll etməklə açıq saxlayır”.
Müəllif bildirir ki, Azərbaycan 2005 və 2010-cu il illərdə işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət, o cümlədən məskunlaşma siyasəti ilə bağlı həmsədrlərə dəfələrlə müraciət etsə də, onlar “balanslı” bəyanatlarla kifayətləniblər. Bununla yanaşı, onlar 2010-cu ildə qanunsuz məskunlaşma ilə bağlı faktaraşdırıcı missiyanın rəsmi nəticələrini dərc etməkdən imtina ediblər və bunu da sülh prosesinə xələl gətirəcəyi ilə əsaslandırıblar. Bu “balanslı siyasət” illərlə işğalın möhkəmlənməsi üçün rəsmi Yerevanın xeyrinə işləyib və onlarda ümid yaranıb ki, tez və ya gec rəsmi tanınma da başlayacaq.
Fərid Şəfiyev bildirir ki, məhz bu “balanslı yanaşma” nəticəsində vasitəçilər və beynəlxalq ekspertlər münaqişəni uzadıblar və nəticədə münaqişə 2020-ci ilin iyulunda yenidən alovlanıb. “28 illik atəşkəs rejimi və danışıqlardan sonra “balanslı yanaşma” prinsipi ölü nöqtəyə çatıb. BBC-də “HARDtalk” verilişinin aparıcı Stiven Sakur Ermənistan baş naziri Nikol Paşinyanla müsahibədə dediyi kimi, hazırki təxribatçı addımlar və ritorikalar danışıqlar prosesini pozmağa və işğal olunmuş Azərbaycan torpaqlarının ilhaqına xidmət edir. Azərbaycana gəldikdə, həm hökumət, həm də cəmiyyət danışıqlar prosesinin dalana dirəndiyinin fərqindədir. İyulun 14-də Bakıda keçirilən kütləvi mitinq zamanı da cəmiyyət Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi üçün hərbi əməliyyatların başlanmasını təkidlə tələb edirdi”, - deyə F.Şəfiyev vurğulayıb.