Yerli media
“İllərdir qələbə xəbərini gözləyirdik” - Rasim Balayev (AzVision)
“Arzu edirəm ki, Qarabağın geri alınmasını görüm. İllərdir bu günü, qələbə xəbərini gözləyirdik”.
Bunu Xalq artisti Rasim Balayev cəbhədə gedən son döyüşlərdən danışarkən deyib. Tanınmış aktyor bildirib ki, işğal edilmiş ərazilərimizin geri alınması üçün döyüşlərin başlanması çoxdan gözlənilən idi.
“Qələbə xəbərlərini eşidirik. Sevindiyimdən dünən iki dəfə gözlərim doldu. Nə qədər başı aşağı olmaq olardı. Həmişə deyirdik ki, bizim qoşunumuz, gücümüz var, niyə hücuma keçmirik, sən demə məqam indi imiş. Azərbaycanlılar haqqında xoşagəlməz fikirlər səsləndirirdilər. Bu məni çox məyus edirdi. Bir dəfə çeçen uşağa sual verdilər ki, “küçədən qoşun, tanklar keçir, sən isə burada sərbəst gəzirsən, qorxmursan?”. O isə dedi, “mən azərbaycanlı deyiləm”.
90-cı illərdə xarici səfərlərdə olurdum. Deyirdilər, “əşi Qarabağı verəcəkdinizsə, onda niyə camaatı qırdınız”. Belə söhbətləri eşidib havalanırdım. Əsəb içində izah edirdim ki, biz siyasətin, rusun qurbanı olmuşuq. Rus torpaqlarımızı alıb erməniyə verib. 40 yaşımdan 70-ə kimi bu cür hisslər keçirmişəm. Arzu edirdim ki, Qarabağın alınmasını görüm, sonra Allah məni öldürsün.
Əlbəttə, müharibə itkisiz olmur. Şəhidlərimiz var. Amma əvvəl-axır döyüş baş verməli idi. Biz erməni ordusu ilə vuruşuruq, ermənilər isə bizim dinc sakinlərimizə atəş açır. İndi bütün dünya bizim gücümüzü görsün ki, ordumuz öz torpaqlarımızı işğaldan azad etməyə qadirdir”.