07
Noyabr

7 Noyabr

Cəbhə xəbərləri

Düşmənin xüsusi təyinatlı və kəşfiyyat bölmələrinə ciddi zərər vurulub

Cəbhədə gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin 022-ci xüsusi təyinatlı hərbi hissəsinin şəxsi heyəti bölmələrimiz tərəfindən mühasirəyə alınaraq məhv edilib.

Döyüşlər başlayandan indiyədək canlı qüvvə sarıdan xeyli itkiyə məruz qalan düşmən xüsusi təyinatlılarını gücləndirmək məqsədilə bir müddət əvvəl onlara könüllülər və yerli sakinlər də qoşulub. Buna baxmayaraq, son döyüşdə ağır itkilər verən xüsusi təyinatlılar mövqelərindən çəkilmək məcburiyyətində qalıblar.

Daxil olan məlumata görə, Ermənistandan işğal olunmuş ərazilərimizə gətirilən 178-ci əlahiddə kəşfiyyat taboru da döyüşlərdə ölü və yaralı olaraq şəxsi heyətinin yarısını itirib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.