23
Oktyabr

23 Oktyabr

Cəbhə xəbərləri

Müdafiə Nazirliyi: düşmən fərarilik edərək mövqeləri tərk edir

Oktyabrın 22-si gün ərzində və 23-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr vurulub, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb, vacib ərazi və yüksəkliklər azad edilib.

Bütün cəbhəboyu düşmənin əsas ehtiyatlarına, hərbi infrastrukturuna bərpa olunmayan zərər vurulub. Düşmən bölmələrində döyüş texnikası, silah və sursat, ərzaq çatışmazlığı mövcuddur. Düşmən qoşunlarının idarə edilməsi praktiki olaraq itirilib. Döyüş mövqelərini qorumaq üçün nizami ordu bölmələri çatışmadığından onların əvəzinə məcburi şəkildə toplanan mülki insanlar gətirilir.

Məlum olub ki, Ermənistanın Tavuş və Sisian rayonundan Dağlıq Qarabağa gətirilmiş şəxsi heyət döyüşlərə girməkdən imtina edir, fərarilik edərək mövqeləri tərk edirlər.

Hazırda bütün cəbhəboyu döyüşlər davam edir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.