27
Oktyabr

27 Oktyabr

Törədilən cinayətlər

Ermənilər “Euronews”un çəkiliş qrupunu raket atəşinə tutub

Ermənistanın informasiya müharibəsində də uduzması ermənilərin düzgün məlumatları yaymağa çalışan jurnalistlərə belə hücumları ilə nəticələnib. Belə ki, Azərbaycanın işğaldan azad edilmiş Talış və Suqovuşan kəndlərində peşəkar jurnalist fəaliyyətini həyata keçirən “Euronews” çəkiliş qrupu və onların istifadə etdiyi nəqliyyat vasitəsi Ermənistan silahlı qüvvələri tərəfindən kornet tipli tank əleyhinə raketlə atəşə tutuldu. Ermənistanın bu hücumunu azad sözə və peşəkar jurnalistikaya təcavüz kimi qiymətləndirilir.

Xoşbəxtlikdən raket hədəfdən yayınıb, çəkiliş qrupu isə xəsarət almayıb. Nəqliyyat vasitəsinə qəlpələrlə zərər dəyib. Üzərində “Euronews”-un uzaq məsafədən seçilən fərqləndirici nişanı olan nəqliyyat vasitəsinə tank əleyhinə idarəolunan raket vasitəsilə hücum hədəfli və məqsədyönlü xarakter daşıyır.

“Euronews”-un reportajında isə raketin hərəkətdə olan nəqliyyat vasitəsinin üzərindən yaxın məsafədən keçdiyi aydın şəkildə görünür.

Xatırladaq ki, bu hadisədən öncə Azərbaycan media nümayəndələri də Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub, jurnalistlər arasında yaralananlar oldu, çəkiliş qruplarının nəqliyyat vasitələrinə isə zərər dəyib.

Azərbaycan tərəfdən hərbi əməliyyatlar barədə reportajlar hazırlayan beynəlxalq media nümayəndələri öz ölkələrinə qayıtdıqda belə erməni lobbi dairələrinin verbal və fiziki hücumları, şantajları və təhdidləri ilə üzləşirlər. Bəzi hallarda erməni lobbisinin təzyiqləri altında peşəkar fəaliyyətini həyata keçirən jurnalistlər işlərini itirməli olur. Fransanın TF1 televiziya kanalına və onun Azərbaycandan reportaj hazırlamış çəkiliş qrupuna Fransa erməni lobbisi tərəfindən olan hücumlar bunun bariz nümunəsidir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.