18
Oktyabr

18 Oktyabr

İnformasiya müharibəsi

Hərbçilərimizin mühasirəyə düşməsi xəbəri yalandır

Düşmənin ən çox yaydığı dezinformasiyalardan biri də guya erməni hərbçilərinin uğurlu əməliyyatlar keçirmələri, hansısa qoşun bölmələrini mühasirəyə almaları və s. bu tipli məlumatlardır. Lakin hər dəfə bu kimi əsassız xəbərlər Azərbaycan Müdafiə Nazirliyi tərəfindən ifşa edilir. Bunlardan biri də nazirliyin müharibənin 22-cü günündə yaydığı xəbər oldu.

Bildirilirdi ki, Ermənistan tərəfinin guya Azərbaycan hərbçilərinin mühasirəyə düşməsi barədə yaydığı xəbər yalan və dezinformasiyadır. Həqiqətdə isə real vəziyyət tam fərqlidir. Bütün cəbhə boyu əməliyyat üstünlüyü Azərbaycan Ordusunun tərəfindədir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.