18
Oktyabr

18 Oktyabr

İnformasiya müharibəsi

Mülki əhali arasında təbliğat-təşviqat işləri aparılır

Döyüş meydanında olduğu kimi informasiya cəbhəsində də uğurlar qazanan Azərbaycan təkcə beynəlxalq ictimaiyyət üçün deyil, daxili auditoriyaya da hesablanmış bir sıra mühüm addımlar atır. Buna misal olaraq mənəvi-psixoloji təminat tədbirləri çərçivəsində keçirilən təbliğat-təşviqat işlərini göstərmək olar.

Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, "Ali Baş Komandan, Prezident İlham Əliyevin bu gün xalqa müraciətində Füzuli şəhərinin və ətraf bir neçə kəndin azad edilməsi xəbəri operativ şəkildə çap olunmuş bülletenlər və səyyar radioqovşaq vasitəsilə mülki sakinlərə çatdırılır. Hər gün cəbhədən gələn qələbə xəbərləri hər bir azərbaycanlını sevindirir. Keçirilən tədbirlər cəbhəboyu zonada yaşayan dinc sakinlər tərəfindən ruh yüksəkliyi ilə qarşılanır".

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.