İnformasiya müharibəsi
"Feyk nyus"lar Rusiya mediasına da sirayət edib
Azərbaycan yalnız erməni mediasının yalanlarını deyil, bir sıra ermənipərəst xarici KİV-lərdə dərc edilən qərəzli məlumatları da ifşa edib. Buna misal olaraq Rusiya mətbuatında həqiqətə uyğun olmayan qərəzli məlumatların dərcini göstərmək olar.
“Komsomolskaya Pravda” nəşrində dərc edilən məqalədə qeyd edilib ki, guya Azərbaycan Ordusu humanitar atəşkəs rejimini pozaraq Xankəndinə raket zərbələri endirib və nəticədə şəhərdə xeyli dağıntılar yaranıb.
Lakin nəşrin istifadə etdiyi foto və videolar işğalçı Ermənistan silahlı birləşmələrinin oktyabrın 11-i gecə saatlarında Gəncə şəhərinə atılan raket zərbələrindən sonra yaranan dəhşətli görüntüləri əks etdirir.
Məqalədə istifadə edilən digər fotoların “Reuters” informasiya agentliyindən əldə edildiyi qeyd olunub. Lakin həmin fotoları yayımlayan “Komsomolskaya Pravda” fotoşəkillərdə də günahı Azərbaycanda görür. Açıqlamalarda qeyd edilir ki, həmin fotoşəkillər Xankəndinə atılan raket zərbələrindən sonra yaranmış dağıntılar zamanı çəkilib və xüsusən iddia edilib ki, fotolar Xankəndində çəkilib. Dağıntılar altında isə onlarla erməni qalıb.
Ancaq görünən odur ki, nəşr bir məqama diqqət yetirməyib. Çünki fotolarda Azərbaycan FHN-nin xilasediciləri diqqət çəkir. Onların geyimlərindəki üçrəngli Azərbaycan bayrağı isə yəqin ki, nəşrin multimedia redaktorlarının diqqətindən yayınıb.