27
Sentyabr

27 Sentyabr

Media

Rusiya kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi fikirləri geniş yayımlayıb.

Rusiyanın aparıcı informasiya agentlikləri, xəbər saytları və teleradio şirkətləri Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi fikirlərə geniş yer ayırıblar.

TASS, "Radio Sputnik", "Vesti Kavkaza", “İnterfaks”, “RBK” agentlikləri və xəbər resursları Azərbaycan Prezidentinin Ermənistan silahlı qüvvələrinin ölkəmizin hərbçilərini və mülki əhalisini atəşə tutması, Azərbaycanın mülki əhalisi arasında itkilərin olması, Ermənistanın region üçün təhlükə yaratması, Azərbaycanın öz maraqlarını müdafiə etməsi barədə dediklərini oxucularına çatdırıb.

Rusiya KİV-lərinin materiallarında Prezidentin “Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır” sözləri yer alıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.