Əhaliyə dəyən ziyan
Ermənilərin atdığı mərmilər məktəb və evi yandırdı
Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edib.
Bildirilib ki, Ermənistan ordusunun atdığı mərmi Tərtər rayonunda yerləşən məktəb binasında yanğına səbəb olub. Yanğın nəticəsində sinif otağının bir hissəsi yanıb. Məktəbin qalan hissəsi əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən yanğından mühafizə olunub.
Bundan başqa, Tərtər rayonunda fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Lakin ərazi düşmən tərəfindən davamlı atəş altında saxlanıldığından yanğına müdaxilə edilməsi mümkün olmayıb.