Xarici media
Qırğızıstanın goldenbridgenews.com və turktoday.info portalları ermənilərin cəbhə xəttindəki təxribatları ilə bağlı materiallar yayıb.
Portallar “Hikmət Hacıyev: Ermənistanın yaşayış məntəqələrini, mülki əhalini qəsdən hədəfə alması beynəlxalq humanitar hüququn kobud surətdə pozulmasıdır”, “Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır”, “Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib”, “Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb” sərlövhəli materialları rus dilində çap edib.
Yazılarda bildirilir ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Qeyd edilir ki, cəbhənin ən gərgin Tərtər-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində yerləşən ön xətt hərbi hissələri, raket və artilleriya bölmələri, cəbhə aviasiyası, zirehli texnika və digər qoşun növlərinin qarşılıqlı fəaliyyəti ilə Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır.