11
October

11 Oktyabr

Müdafiə Nazirliyi

Bölgədəki vəziyyətin gərginləşməsinə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür

Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları aparılan ərazidən xeyli aralıda yerləşən şəhər və kəndlərimizi raket və artilleriya atəşinə tutmaqda davam edir.

Oktyabrın 10-u və 11-i tarixlərində, müxtəlif saatlarda Gəncə və Mingəçevir şəhərləri, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndləri işğalçı ordu tərəfindən atəşə məruz qalıb. Nəticədə xeyli sayda dinc sakin həlak olub və yaralanıb, mülki infrastruktura ciddi ziyan dəyib.

Bölgədəki vəziyyətin gərginləşməsinə görə məsuliyyət tam şəkildə Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.