Xarici media
Gürcüstanın aparıcı kütləvi informasiya vasitələri (KİV) Azərbaycan Respublikası Prezidentinin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı bəyanatını yayıb.
Ölkənin aparıcı report.ge, 24news.ge, newsday.ge, dalgatv.ge və digər informasiya portallarında Azərbaycan, gürcü, rus və ingilis dillərində yayımlanan materiallarda sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çiraqlı və Orta Qaravənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması barədə məlumatlar oxuculara təqdim olunur.
Materiallarda Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx şəkildə yaşayan mülki insanları və obyektləri atəşə tutması qəsdən və hədəflənmiş şəkildə həyata keçirilib. Mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar barədə məlumatlar var. Çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəydiyi də diqqətə çatdırılır.
H.Hacıyevin bəyanatının olduğu kimi yayıldığı materiallarda deyilir: “Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinə zərbələrin endirilməsi, mülki insanların və obyektlərin iriçaplı silahlardan atəşə tutulması beynəlxalq hüquqa əsasən Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü və güc tətbiq etmək aktıdır.
Azərbaycan Respublikası silahlı qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirlərini həyata keçirir”.
Gürcüstan KİV-ləri, həmçinin Azərbaycan Müdafiə Nazirliyinin cəbhədəki vəziyyət və erməni təxribatları barədə məlumatlarını da yayıb.