Media
Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti Türkiyə mediasında geniş işıqlandırılıb.
Azərbaycan Prezidentinin çıxışı Türkiyənin “Anadolu Xəbər Agentliyi”, “TRT”, "7sabah" “Haber Global” kimi əsas media qurumları tərəfindən canlı və ya baş xəbər olaraq yayımlanıb.
“Qarabağ Azərbaycandır!”, “Şəhidlərimizin qanı yerdə qalmayacaq”, “Ermənistan lazimi cavabı aldı və alacaq” kimi sərlövhələrlə yayımlanan xəbərlərdə ölkə başçımızın “Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür.
Son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter almışdır. İyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində yenə də artilleriya atəşi nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olmuşdur. Heç kəsə sirr deyil ki, ilk atəşi, o cümlədən artilleriya atəşini Ermənistan açıbdır və ilk həlak olanlar da məhz Azərbaycan hərbçiləri olmuşdur. Azərbaycan düşmənə layiqli cavabını verdi və düşmən bir santimetr irəliyə gedə bilmədi. Düşmən dayandırıldı, ölkəmizin ərazi bütövlüyü qorundu. Sarsıdıcı zərbələr nəticəsində Ermənistan tərəfi məcbur olub acı məğlubiyyətlə razılaşdı. Mən bu barədə demişəm, bir daha demək istəyirəm, əgər bizim istəyimiz olsaydı, hərbi döyüşləri Ermənistan ərazisinə keçirə bilərdik. Ancaq bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur və belə olan halda bir neçə gündən sonra atəş dayandırılmışdır.
Azərbaycan heç bir təxribata əl atmamışdır. Azərbaycan, sadəcə olaraq, öz maraqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir və öz siyasətini alnıaçıq aparır. Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bu, həqiqətdir. Ermənistanın baş naziri deyəndə “Qarabağ Ermənistandır”, bu, yalandır. Mən deyəndə ki, “Qarabağ Azərbaycandır”, bu, həqiqətdir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir. Qarabağ Azərbaycandır!” fikirləri yer alıb.